Sevil Azadqızı - MƏN BİR TÜRKƏM!

Ədəbiyyat 08:16 / 14.05.2026 Baxış sayı: 337

 

Göy Tanrının mən ölməzlik canıyam,

Yer üzünün şərəfiyəm, şanıyam.

Tarixlərin ən qədim daş yaddaşı,

Oğuz Xanın damardakı qanıyam.

 

Altaylardan keçib gələn izim var,

Şücaətim, ucalığım iftixar.

Turan adlı bir müqəddəs arzunun,

Keçəcəyi yollar məndən sorular.

 

Zəfərimin səsi çatıb hər yana,

Adım bəlli, soyum bəlli cahana.

Zaman-zaman tarix bizi sınayıb,

Varmı kimsə dünənimi de, dana?

 

Turan adlı sabahımız yol gəlir,

Qalibiyyət səngərlərdə dincəlir.

Birliyimiz yağılara göz dağı,

Haqq səsimiz yerdən göyə yüksəlir.

 

Tarixlərdə izimiz var, silinməz,

Bizim yolun son mənzili görünməz.

Mən bir türkəm, azadlığın rəmziyəm,

Zaman mənəm, mən zamanam bilinməz.

  14.05.26