Faiq Balabeylinin "Bilirəm, bilməyirsiz..." şeirinə fərqli bir baxış

YAZARLAR 12:18 / 13.05.2026 Baxış sayı: 271

 

Faiq Balabəylinin bu misraları, sadəcə bir poeziya nümunəsi deyil, əslində içinin səsinə qulaq asan, cəmiyyətlə təkbaşına qalan insanın daxili hayqırtısıdır. Şair burada fəlsəfi düşüncələrini elə bir dillə təqdim edir ki, oxucu istər-istəməz həmin sarsılmaz iradənin içinə çəkilir.

Şeirin elə ilk sətirlərində lirik qəhrəmanın ətrafındakı insanlardan fərqləndiyini görürük. "Bilirəm, bilməyirsiz mənim bildiklərimi" deyərək şair, hər kəsin görə bilmədiyi gizli həqiqətlərə bələd olduğunu vurğulayır. Bu, sadə bir iddia deyil, bu, dünyanı ürəklə sevməyin gətirdiyi bir dərketmə formasıdır. Çünki onun da dediyi kimi, belə bir sevgi üçün hər şeydən əvvəl böyük və cəsarətli bir ürək lazımdır.

Mətnin ən toxunqlu tərəfi qəhrəmanının çətinliklər qarşısındakı dik duruşudur. "Yarpaq-yarpaq tökülüb, budaq-budaq sınaram" desə də, ruhən yıxılmayacağını bildirir. Burada ölüm və doğum simvollarının ("kəfənim olub bələk") qarşılaşdırılması olduqca maraqlı bədii fənddir. Müəllif sanki fiziki yox oluşu yeni bir başlanğıc, ruhun azadlığı kimi qəbul edir. Nə təbiətin tufanı, nə də cəmiyyətin hay-küyü onu qorxuda bilmir. O, gücünü həm ətrafından alır, həm də ətrafına ötürür.

Şeirdə kəpənəklər, çiçəklər və rəngli çərpələnglər kimi canlı obrazların yaradılması mətndəki bədbinliyi tamamilə yox edir. Şair dünyaya acıq fəlsəfə ilə yox, böyük bir humanizmlə baxır. Sonda isə mövzu vətən torpağına, yurd sevgisinə bağlanır. Sinəsini ocaq edib, buğdasını sovuran qəhrəmanın ürəyinin yanıb kül olması, əsl fədakarlığın və sevgini son nöqtəsinə qədər yaşamağın ən gözəl ifadəsidir.

Qısacası, Balabəyli bu əsərində insanın daxili gücü sayəsində kainatla necə baş-başa qala biləcəyini və mənəvi qələbəni necə qazanacağını olduqca təbii, axıcı və yanıqlı bir dillə sübut edə bilib.

Sizə cansağlığı və bütün işlərinizdə uğurlar arzulayıram!

 Sevil Azadqızı