Əşrəf Veysəlli -  ÖMRÜMÜZ

 

Ədəbiyyat 13:30 / 13.05.2026 Baxış sayı: 274

 

 

Qocalıqla əyləşibdir üz- üzə,

Cavanlıqla sağollaşan ömrümüz.

Dönməkdədir bir tufansız dənizə

Ahıllaşan, ağırlaşan ömrümüz.

 

İsindikcə qəlbimizin odunda,

Xəyalımız göyün yeddi qatında,-

Qalacaqmı nəvələrin yadında

Şəkərləşən, noğullaşan ömrümüz.

 

Ömrün gözəl anlarını arzular.

Arzuların nübarını arzular.

Payız günü baharını arzular

Zimistana yaxınlaşan ömrümüz.

 

Günlərimiz dağdan aşan köç oldu,

Çox arzuya qovuşmadıq,- gec oldu.

Oğul balam, harda qaldı, necoldu,

Ərənləşən, oğullaşan ömrümüz?!

 

Dünya ki var,- boşalandı, dolandı,

Məhəbbətdən qeyri hər şey yalandı.

Sevgi varsa daş üstə də qalandı

Nəğmələşən, nağıllaşan ömrümüz.