Memmed Qedir  -  İndi evi könüllərdə tikirəm

Ədəbiyyat 11:19 / 13.05.2026 Baxış sayı: 299

 

Üç ev tikdim, birisində qalmadım,

Elə bildim bundan gözəl çağ olmaz.

Heç birində məsud, xoşbəxt olmadım,

Sevgi yoxsa ürək xəstə,- sağalmaz.

 

Nəyi varsa yuklədilər çəkincə,

Təpik vurub qovladılar çöküncə,

Haqq dedilər, könül tik ev tikincə,

Könül sevənlər üzünə ağ olmaz.

 

Ağ olunca qara bağrım yarıldı,

Ayım batdı, gün üzümə qaraldı,

Baxılmadı, fidanlarım saraldı,

Bağban yoxsa min ağacdan bağ olmaz.

 

Bağ itirən bağban çətin kiriyər,

Nə ölüyə bənzəyər nə diriyə,

Gecə gündüz damcı- damcı əriyər,

Dərdəcərin ürəyində yağ olmaz

 

Əzablarım ilan kimi qıvrıldı,

Cavan canım dərd sacında qovruldu,

Odum bitdi, külüm göyə sovruldu,

Doğru imiş, kül təpəcik dağ olmaz.

 

Gec anladım, naşükürdü bəndələr,

Həyatını xeyir işə bənd elə,

Ürəyini yurda çevir, kənd elə,

El yolunda can qoymayan sağ olmaz

 

Köhnə getdi, təzə Məmməd əkirəm,

Ev dərdi yox, el dərdini çəkirəm,

İndi evi könüllərdə tikirəm,

İllər ötsə, zaman keçsə dağılmaz.