İslam Türkay - HARDASAN ...
Bu dünyada biz üz-üzə gəlmədik,
Məni sevən, mən sevdiyim,hardasan ?!..
Bir-birmizi tanımadıq, bilmədik,
Məni sevən, mən sevdiyim,hardasan ?!..
Bəyənmədim mənə heyran gözəli,
Mən sevdiyim məndən uzaq dolandı...
Belə oldu bu yazının əzəli,
Hey varlığım atəşlərə qalandı.
Məni sevən, mən sevdiyim,hardasan ?!..
Bəlkə elə əl edirsən dünyaya,
Bəlkə indi səksən yaşlı qarısan.
Boyun əyib bir taleyə, bir paya,
Bəlkə sən də bir özgənin yarısan,--
Məni sevən, mən sevdiyim,hardasan ?!..
Bəlkə hələ gəlməmisən cahana,
Bir gözəlin bətnində yol gəlirsən...
Sığışmayıb indi vaxta –zamana
Öz bəxtinə yuxularda gülürsən...
Məni sevən, mən sevdiyim,hardasan ?!..
Bəlkə məndən min il əvvəl yaşayıb,
İndı qar tək ələnirsən başıma?...
Yaz gələndə,kol dibində , utancaq
Bənövşə tək sən çıxırsan qarşıma?..
Bəlkə elə suya dönüb axırsan
Bir bulağın gözlərindən yaş kimi...
Yolum üstdə yollarıma baxırsan ,
Bir yamacda bir sal qaya,daş kimi...
Məni sevən ,mən sevdiyim ,hardasan?!
Həyat oyun, sevgi oyun, müəmma,
Dünya sirdi, sən bəxtimin sirrisən.
Sən varsansa,burdasansa, utanma--
Bəlkə elə bu qızlardan birisən--
Məni sevən, mən sevdiyim,hardasan ?!..
Sən varsansa, hay ver mənim səsimə,
Ölmüsənsə , mən arxanca ağlayım...
Bax , başımda dumanıma, sisimə
Vüsalını uzaqlara saxlayım...
Məni sevən, mən sevdiyim,hardasan ?!..
Tək ağacam, sən -- suyum,sən-- torpağım,
Lüt –üryanam, sən gülüm ,sən yarpağım...
Göydə keyfim, göz üstündə papağım,
Məni sevən, mən sevdiyim,hardasan ?!..
Sənsizliyin saçlarımda qar olub,
Ürəyimdə yuva salıb kədər-qəm...
Yalqızlıqdan dünya mənə dar olub,
Bir ocaqda tüstülənən kösövəm...
Məni sevən, mən sevdiyim,hardasan ?!..