Sədaqət Kərimova - ÇİÇƏK QƏTLİAMI

YAZARLAR 12:00 / 14.05.2026 Baxış sayı: 234

 

Şahdağın qoynunda, qartalların qıy vurduğu yüksəkliklərdə çiçəklərin bakiranə gözəlliyinə bir ayrı cür heyran oldum. Bu nəhayətsiz gül dənizində qıyıb bircəciyini də dərə bilmədim. Heyfim gəldi. Məndən ötrü hər çiçək bir canlıdır və o, öz ömrünü yaşamalıdır. Ruhən təzələnib, qəlbən zənginləşib bu heyrətamiz guşədən ayrıldım.

Qayıdanda Qusar-ləzə istiqamətində gördüklərim məni iliklərimə kimi sarsıtdı. Yol boyu avtobuslardan yamaclara, döşlərə, qayaların dibinə, çəmənlərə səpələnən yüzlərlə turist ağ, qırmızı, narıncı, mavi, çəhrayı çiçəklərdən dəstə tuturdu. Elə bil bu, səfərin ayrılmaz proqramlarından biri idi, hər kəs mütləq çiçəklərdən dəstə tutmalı idi. Əsl qətliam idi. Səhv eşitmədiniz! Bu, çiçəklərə qarşı əməlli-başlı terror idi.

Qız-gəlinlərin çiçəkləri yoçuşdurmasını gördükcə məni təəssüf hissi bürüyürdü. Həmin çiçək dəstələrinin ömrünün iki-üç gündən çox olmadığını bilə-bilə güllərin onsuz da qısa ömürlərinə necə qıymaq olar?

Bəli, hər gün Qusara turist avtobusları və minik maşınları yüzlərlə qonağı təbiətin qoynuna daşıyır. Yüzlərlə əl hər gün təbiətə bu divanı tutsa, bu gözəlliklərdən bir əsər qalarmı?

Təbiəti sevmək yalnız çiçək dərib şəkil çəkmək deyil, onu qorumaqdır. Təbiəti sevmək - mədəniyyətdir. Heyif ki, çoxlarında bu mədəniyyət çatışmır.