Məmməd  Qədir - Eylədilər

Ədəbiyyat 19:39 / 14.05.2026 Baxış sayı: 507

 

Hər kəsə payladım çiçək ruhumu,

Əkib bağlarında gül eylədilər.

Nur saçdı dünyaya sevgi toxumu,

İnciyə çevirib ləl eylədilər.

 

Günah torpaqdamı, yoxsa dənimdə,

Əkdiyim savablar soldu önümdə,

Hüzür verdiklərim rahat günümdə,

Tufan qopardılar, yel eylədilər.

 

Qüsl edib ruhumu təmiz yaşatdım,

Həm ləpirə döndüm, həm iz yaşatdım,

Səhralar içində dəniz yaşatdım,

Udub sellərimi lil eylədilər.

 

Təpəni böyütdüm bir dağ eylədim,

Ölmüş işıqları çıraq eylədim,

Çoxunu çamırdan bulaq eylədim,

Yarpızlı arxımı Nil eylədilər.

 

Elə ağlamaqdan fayda olmadı,

Dost yası gözlədi, toyda olmadı,

Savabım qarışqa boyda olmadı,

Suçumu şişirdib fil eylədilər.

 

Çəkdiyim fili də tez çevirdilər,

Bəhanə tapdılar, söz çevirdilər,

Ən bədbəxt günümdə üz çevirdilər,

Xoşbəxt günlərimdə "gəl" eylədilər.

 

Anamı ağlatdı ovutduqlarım,

Məmməd, yada saldı unutduqlarım,

Əlacsız günündə əl tutduqlarım,

Sadəcə arxamca əl eylədilər...