DAĞINIQ FİKİRLƏRİN ”N“ KODU ALTINDA SEVGİ DUASI -  Namiq Dəlidağlı

Ədəbiyyat 18:52 / 14.05.2026 Baxış sayı: 456

 

Sevgilər qiblədi ah çəkiləndə,

dəli sevdalardı bizi yaşadan.

Bizim canımızda ayrılıq sərxoş,

bizim səsimizdə qəm bəstə-bəstə...

İçimiz dolusu çəkdiyimiz ah

səkkizinci not ruhunda köklənib:

qoy qalsın ahımız xatirələrdə...

...Səni arayıram, səni gəzirəm

bu dəli başımla, eşq havasıyla,

sevda ünvanında, qəlb sarayında...

Bütün xatirələr düşüb üstümə,

ağrılar canımda şivən qoparır.

O qədər dualar eləmişəm ki,

səni Yaradandan diləmişəm ki...

Şair duaları tez yazılır, ey...

Tanrı yaddaşına - bunu bilirdin?..

Sevgi tamarzısı bir qərib axşam

dualar çin olsun, vüsala yetək:

Tanrıya xatir...

Sevda şərabları qaldıraq o gün

bizim sevgimizin ruhu eşqinə.

Zalım, bu sevgidən ölmək ucalıq,

zalım, bu sevgidən ölmək nə mutlu...

Biz ki bu sevdadan cana doymadıq,

ayrılıqlar -

asi olanlara ölüm çağırışıdı.

Hələ yolumuzda ayrılıqlar var,

eynimizə almadığımız

ağrı ritmidi ahlar.

Ehey... yaxşı adam, dünya fanidi...

Bir az mərhəmət qıl,

burdayam, dön gəl...