Təranə Məmməd - Bəlkə bağışlayar

YAZARLAR 09:16 / 08.04.2026 Baxış sayı: 1633

 

İnsan eyni səhnəni hər gün yaşadıqda bezir. Yenilik, rəngarənglik daha çox maraqlandırır, cəlb edir bizi. Hətta bəzən eyni insanla ünsiyyət belə bezdirə bilər adamı.

Qonşu binanın birinci mərtəbəsinin pəncərəsindən hər gün bir yaşlı qadının baxdığını görürəm. Nə mən onu tanıyıram, nə o məni. Lakin hər səhər mənə salam verib uğurlar arzu edir bu qadın. Yaşlı olduğundan ona hörmətlə yanaşır və sadəcə "çox sağ olun" deyib yoluma davam edirəm.

Düzünü deyim ki, eyni səhnənin hər gün təkrarı hərdən bezdirir məni.O qadını pəncərədə görəndə əsəbiləşirəm son günlər. Problemlərim,qayğılarım haqda düşünə-düşünə getdiyim yerdə məni fikirlərimdən ayırır öz xeyir- duasıyla.

Bilirəm, qınayacaqsınız məni. Axı, yazıq qadın nə edir ki? Görüşür, yola salır səni və uğurlar diləyir. Burda pis nə var ki? - deyəcəksiniz.

Bax, yəqin yenə durub öz yerində. Bu yaşlı qadın lap yorub ha məni. Hələ evdən çıxanda istədim yolumu dəyişim ki, onu görməyim. İşə gecikməsəydim mütləq başqa yolla gedərdim.

Qadının pəncərəsinin yanına yaxınlaşıb tez salamlaşıb getmək niyyətindəydim. Lakin bu dəfə

qadın yox idi.

Çox sevindim. İşə gecikdiyim yerdə yaxşı ki, sorğu suala tutmadı məni-deyə düşündüm.

Qəribədə olsa hiss edirdim ki, tanımadığım o yaşlı qadının xeyir- duasına ehtiyacım var.

Düşündüm ki, qayıdanda mütləq onun evinin qapısını döyüb bu dəfə mən hal-əhval tutacam.

İşdən gec qayıtdım. Artıq günəş batmışdı.

Qadın yaşayan binaya yaxınlaşanda evin birinci mərtəbəsinin qarşısında sakinlərin yığışdığını görüb maraqlandım.

- Ədilə xala rəhmətə gedib dünən gecə- deyə bir qadın mənə cavab verdi.

-Yazıq qadın. O qədər gözəl insan idi ki. Heyif ondan.

Mən özümə nifrət edirdim. Axı mən necə ondan bezə bilərdim?Axı bu qadın mənə hər səhər yaxşı sözlərdən başqa heç nə demirdi?!

Kor peşiman evə getdim. Evdə yoldaşım halımı soruşanda lap kövrəldim və olanları ona danışdım.

O da çox pis oldu. Hətta gözləri yaşardı və:

- Allah rəhmət eləsin. Nə yaxşı ki, günaşırı onun gülünü aparırdım.

- Nə gül?Sən onu tanıyırdın?

- Hə. Tanıyırdım deyəndə ki... O qadının adı Ədilə idi. Mənə hər səhər xeyir- dua verirdi işə gedəndə. Mən səninlə eyni vaxtda getmirəm axı. İşə geciksəm belə onu dinləyirdim. Bir gün mənə həyatını danışdı. Nədən yer üzündə tək tənha yaşadığını da dedi. Çox ağır talei var idi o qadının. Yazıq Ədilə xala. Allah ona rəhmət eləsin.

- Niyə tək yaşayırdı ki?

- Çünki ailəsini Xocalıda ermənilər vəhşicəsinə öldürüblər. Özü təsadüf nəticəsində sağ qalıb. Ağlını da bir balaca

itiribmiş o hadisədən sonra. Bir əsgər onu özüylə Ağdama sonra Bakıya öz evinə gətirib. Sonra həmin əsgər də şəhid olub. İndi hər gördüyü adama yaxşılıq etmək istəyirdi bu qadın. İnsan nə qədər güclü olmalıdır ki, bütün başına gələnlərdən sonra qəlbindəki yaxşıığı , xeyirxahlığı qoruyub saxlaya bilsin, vəhşiləşməsin, sevməyi unutmasun.

Ədilə xala deyirdi ki, onu xilas edən əsgərin şəklinin qarşısına tər gül qoyur həmişə. Bilmirəm hardan alırdı o gülləri. Ancaq mən onu tanıyandan günaşırı ona bir qızılgül gətirirdim işdən gələndə .

- Niyə bunları mənə demirdin bəs?

- Niyə deyim? Qanını niyə qaraldım? Onsuz da hər gün şəhid qardaşların yadına düşəndə alışıb yanırsan.

Mən siqareti yandırıb eyvana çıxdım.

Özümü o qədər aciz hiss edirdim ki. O qoca qadının qarşısında çox günahkar idim. Mən onunla nəinki danışmır, hətta son günlər yolumu dəyişmək fikrindəydim onu görməmək üçün. Hiss edirdim ki, boğuluram.

Gecədən keçmişdi. Geyinib həyətə çıxdım. Həmin qadının evinə tərəf addımladım.

Binada demək olar ki, hamı yatmışdı.

Mən qadının qonşusunun qapısını döydüm. Qapını açan kişi məni görüb təəccüblə:

- Nə olub qonşu?- deyə soruşdu .

- Bu qonşu qadını harda dəfn ediblər?- deyə soruşdum.

O, qəbrisranlığın yerini, qadının adını və soyadını mənə deyib daha heç nə soruşmadı.

Evə çox gec qayıtdım.

Binanın qarşısında durub bir neçə ədəd siqaret çəkdim və xeyli düşündüm.

Sonra evə gəlib yatdım. Ertəsi gün işə gedəndə istər-istəməz qadının eyvanına baxdım. Təbii ki, o, daha orda yox idi ,amma sanki ardımca kimsə mənə yenə xeyir- dua verir, uğurlar diləyirdi.

P. S.

Hər cümə axşamı o qadının məzarı üstünə bir gül qoyuram. Bəlkə ruhu məni bağışlarar...- deyə.