Elşən Əzim - Keçir

Ədəbiyyat 21:00 / 07.04.2026 Baxış sayı: 192

***

Gah əlvan fırçayam, gah qara qələm,

Yollarım kətandan, varaqdan keçir.

Mən kimi axtarsam orda tapıram,

Ora üzükməyən uzaqdan keçir.

 

Bir ümid varıydı, yoxdu səs-səmir,

Ürəyim deyəni saatım demir.

İlbəil biçilib daşınır ömür,

İlbəil dəryazdan, oraqdan keçir.

 

Yağışam, doluyam, dumanam, çənəm,

Qar-boran ağzında qalan da mənəm.

Dəliyəm, dərvişəm, həmən Elşənəm

Gəl məni yüz kərə sınaqdan keçir.