Ay Bəniz - Vətən qalam
Hər şey keçib gedəcək -
Su kimi, zaman kimi,
Bədəndəki can kimi,
Dağdakı duman kimi.
Sənsən əbədi qalan!
Vətən qalam, yurd qalam!
Babəklər Həzi olar,
Həzilər də Mübariz.
Yeni bir ər bitirər,
Bu yurdda hər qanlı iz.
Hər boyda, hər biçimdə,
Hər yaşda Şəhid olar.
Atadan Şəhid olar,
Qardaşdan Şəhid olar.
Bu torpağa can verən,
Bu torpaqda can verən
Oğullar birər-birər,
Şəkil, soyad dəyişər,
Bu torpaq üstdə hər an
Xeyirlə şər döyüşər.
Qanına qəltan olub,
Göyə dirənər ahın.
Bir gün şər qalib gələr,
Bir gün də xeyirxahın.
Necə talesizsən ki,
Sənə uzanan əlin
istəyi qəbiz olar.
Nəsibin repressiya,
Qazancın həbs olar.
Bəzən bir gün yetmiş il,
Bəzən otuz il çəkər.
Sənin əsl qələbən
İki yüz il gecikər.
Apreldən cüt gün sayıb,
Uğura yol alarsan.
Qırx dörd günün içində
Zəfər marşı çalarsan.
Yenə bitməz ki, çilən,
Hər payızın bəd gələr.
Süfrənə dost adında,
Min bir cür namərd gələr.
Onların ürəyinə
Çəkilər çilən, qadan.
Haqqlı olduğun üçün
Qalib gələrsən müdam.
Sənə min tələ qurar,
Vicdanından kasadlar.
Riyakarlıq edərlər
Siyasətdə fəsadlar.
Bu sənin taleyindir,
Yenilənmək üçün yan!
Sən bir simurq quşusan,
Alovlardan doğulan!