Ələddin Əzimli - ƏSKİ XƏRİTƏ
" Sözlərdəki sən "dən
Bu yol,
Kəsib, doğrayıb çölləri
hara gedir görəsən?
Haralardan keçəcək?
Uzana-uzana haralarda bitəcək?
Yöndəmindən bəllidir
zaman-zaman neçə süvari dəstə,
karvan keçib bu yoldan.
Bu yol,
axır tənha yolcunun yorğun ayaqlarında.
Daşa dönən tarixin-
minillərin, yüzillərin hayında, harayında.
Yorulana oxşamır yolçunun gedişiylə.
Addım-addım bölünən
yovşan qoxulu çöllər
xəbər verir
neçə qanlı döyüşdən,
qələbəyə aparan əzəmətli yürüşdən,
Zəfərli Qarabağdan-
son tarixi savaşdan.
Bu yol,
oxuya bilsən-
qədim türk ellərinin fikri, düşüncəsidir.
Ləpir-ləpir yazılan,
at dırnağıyla cızılan
əski xəritəsidir.