Millət  vəkili  Tahir Rzayev  təkliflə   razılaşmadı

HÜQUQ 13:06 / 06.04.2026 Baxış sayı: 127

 

 

Deputatlar arasında fikir ayrılığı: Azərbaycanın adı dəyişdirilir?

Artıq mətbuatdan  bəlli  olduğu  kimi, Milli Məclisin deputatı Qüdrət Həsənquliyev yeni konstitusiya dəyişikliklərində Azərbaycanın adının dəyişdirilməli olduğunu təklif edib. Onun fikrincə, dövlətimiz Şimali Azərbaycan adlanmalıdır.

Bununla  bağlı   münasibət  bildirən millət  vəkili  Tahir Rzayev   vurğulayıb ki,  o, bununla razı deyil.

"Deputat həmkarım Qüdrət Həsənquliyevin təklifinə hörmətlə yanaşıram. Ancaq bildirmək istəyirəm ki, bir Azərbaycan var — Bütöv Azərbaycan. “Şimali” və “Cənubi” Azərbaycan anlayışları yoxdur. Elə bilirəm ki, bu, olmamalıdır da. Çünki biz bütöv bir Azərbaycan uğrunda mübarizə aparırıq və sözsüz ki, bu bütövlüyü parçalamaq bizim gələcəyimiz üçün heç bir fayda verə bilməz".

Parlamentari vurğulayıb ki, belə bölgü anlayışları ölkənin gələcəyi baxımından faydalı deyil və əksinə, bütövlük ideyasına ziddir.

"Ancaq bu, həmkarımın şəxsi fikridir. Hər bir deputat fikir söyləməkdə və təklif verməkdə müstəqildir. Ona görə də yenə vurğulamaq istəyirəm ki, hər bir təklif reallığı, milli dəyərləri və gələcək perspektivləri özündə əks etdirməlidir. Biz bütöv bir Azərbaycan uğrunda çalışmalıyıq və sözsüz ki, bu ideyanın həyata keçirilməsi xalqımızın və dövlətimizin gələcəyi üçün çox böyük əhəmiyyətə malikdir", - deyə Tahir Rzayev fikrini tamamlayıb.