SÜLEYMAN ABDULLA-   MİNİMALİST ŞEİRLƏR

Ədəbiyyat 06:47 / 06.04.2026 Baxış sayı: 337

 

Nə olur-olsun,

çiçəklər açmağından qalmaz,

quşlar uçmağından...

Qanad quranların

uçmaq arzusu olmayıb heç vaxt,

gül qoparanların da çiçəkləmək...

***

Hamı göyə üz tutdu

əlləri, duaları, umacaqları ilə...

Amma

heç kim özü ilə aparmadı göy üzünü.

Hamı torpağa döndü axırda, torpağa...

***

Təkcə ağrılardan deyil

həzzdən də gələ bilir ölüm.

Və ən ağrılısı odur ki,

ömrünün ən yaxşı məqamında çatır əcəl,

yəni

yaşamaqdan həzz almağa başladığın vaxtda..

***

Elə dünyanın işləri də həmişə pis getmir,

arada düzələ də bilir adamlarınkı kimi.

Amma işlərin ən pisi

dünya ilə sakinləri arasını vuranıdır..

***

Olan işdi,

bir gün səndən tez ölsəm,

dünyanın yaxşı vaxtında getdi, - deyərsən.

Nə ağrılar gördük, nə həzzlər çəkdik.

Bizə qalsa, hər şeyə rəğmən,

dünyaya yenidən gələrdik.

***

Bir ömür əlləşdik həyatla,

vuruşduq zamanla,

çarpışdıq ədalətsizliklərlə.

Gah suları tərsinə üzdük,

gah düzünə üzüldük haqsızlığın.

Sən demə, əlləşmək yox,

ayaqlaşmaq gərək imiş, zamanla ayaqlaşmaq!

***

Burulğanlarda qərq olmaq daha böyük dərd,

qəhr olur gücsüzlüyünü biləndə adam.

Bir suların dibsizliyinə enmək var,

bir də

dalğaların ağuşunda ənginliklərə qalxmaq.

O zaman anlayırsan ki,

güc başqa şeydi, zor başqa şey...

***

Əli ətəyindən uzun olanlar yaxşı bilir

ancaq nağılda olur

Cırtdanın divə qalib gəlməsi.

Xəlbirlə su daşımaq bir başqa qaravəlli...

***

Aldandıq

"pul əl çirkidir" deyən kəslərə.

Özləri sərvət topladılar xımır-xımır

pul-para, var-dövlət, mal-mülk sahibi oldular,

biz yenə lüt-üryan qaldıq çölün düzündə...