Ağacəfər Həsənli : - QAYITDI MƏMMƏD İSMAYIL
(Şairin vəfatı və doğulduğu məkanda dəfni münasibətilə)
Gözün aydın olsun, Tovuz torpağı,
axır ki, qayıtdı Məmməd İsmayıl.
Bir payız gününün günorta çağı–,
hamını ayıltdı Məmməd İsmayıl.
Susma, möcüzəvi Əsrik dərəsi,
əsrlik bərəsi, qımıldanan su.
Qarağac kölgəsi, palıd çöhrəsi,
gül nəfəsli yerin nanə qoxusu,
qayıtdı qoynuna Məmməd İsmayıl.
Əsrik-Cırdaxanda beli bükülmüş,
ana laylasına sığmaz tənha ev.
Mansırı uçulmuş, damı tökülmüş,
başlanıb çal-çağır, əski sevhasev–
kəndini oyatdı Məmməd İsmayıl.
Nə söz-sov qaçırıb ölüm ağzından,
"qulaq asan varmı mənə, qoy görüm."
Durar gor evinin astanasında:–
"ağacdələn, döy qapımı, döy görüm!"
O vaxt söz vermişdi ana kəndinə,
a Mikayıl qağa, a Çingiz əmi.
Çin oldu mürgüsü, çatdı əhdinə,–
Bakıya tələsik döndü yenəmi?
Sözün doğrusunu Ehtiram İlham
daim incələdi dost məclisində.
Susmadı Tovuzda böyük izdiham,
boğdu qubarını könül səsində.
Bir şair köçündən göz görə-görə,
artacaq necə şiv, tumurcuq, pöhrə.
Rahatca üz qoydu sopsoyuq yerə,
torpağı oyatdı Məmməd İsmayıl!
Kişnər bulud ruhu küskündü, dolub,
sanki matı-qutu quruyub bənddə.
Ömründə bir dəfə qır-saqqız olub–
getmək istəmədi öz ayağıyla,
qayıtdı dostların çiyinlərində.
Gözün aydın olsun, Tovuz torpağı,
sifətin açılsın, Oğuz torpağı,
Eh! Başın sağ olsun, Azərbaycanım!