Əbülfət MƏDƏTOĞLU  : -  Səni unutmadıq, Vahid Əlifoğlu!

YAZARLAR 16:36 / 03.04.2026 Baxış sayı: 396

 

Haşiyə: O, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndində doğulmuşdu - 1953-cü ilin aprel ayının 3-də. cəmi 57 il yaşadı. Ali təhsilli fəhlə idi. Amma...

Böyük söz adamı idi. Böyük söz adamları ilə də məktublaşırdı, fikir bölüşürdü. Heç bir iddiası da yox idi. Yalnız ürəyini, ruhunu sözə büküb şeirə çevirirdi. 2010-cu ilin yazına qədər belə də etdi. Onun sözünü, imzasını Azərbaycan oxucusuna “Ədalət” tanıtdı, təqdim etdi. O da “Ədalət”in ən sədaqətli yazarlarından biri oldu. Bir-birindən maraqlı publisistik yazılarını, şeirlərini, esselərini oxutdu bizə. Özündən sonra 4 əl boyda kitabı qaldı. “Çadır şairi” kimi bir qəribə epiteti də var idi. Amma o, çadır altında doğulmamışdı. O, söz üçün doğulmuşdu, yazıb-yaratmaq üçün doğulmuşdu. Ona görə də sözü sevənlərin, sözə xidmət edənlərin yaddaşına köçdü! O, bu gün də bizim, “Ədalət”in yanındadı, yadındadı. Biz onu unutmamışıq. “Ədalət” nə qədər ki, var, o, bizimlə olacaq!

 

***

Son vaxtlar təklik daha çox güc gəlir mənə. Bir küncə çəkilmək...gözdən-könüldən uzaqda olmaq... heç kimi, heç nəyi görməmək, eşitməmək istəyi o qədər güclü olur ki, tabe olmaqdan başqa yolum qalmır. Amma çox ani bir zaman kəsiyindən sonra hiss edirəm ki, gücsüzlük, iradəsizlik etmişəm. Əyilmək lazım deyilmiş, daha güclü müqavimətə, daha sərt təpkiyə imkan ola-ola, özümü könüllü surətdə təklik qucağına atmışam. Təbii ki, hər iki məqamda özümü haqlı bilirəm. Çünki dünyamız, ətrafımız, hətta içimiz elə bir durumdadı ki, hamıya üz tutmaq, hamıya sirr vermək, hamıyla həmsöhbət olmaq və hamının sirrini saxlamaq da mümkün olmur. Daha doğrusu, bunu obyektiv və subyektiv səbəblərdən bacarmıram...

 Dərinə gedib nəyinsə təzədən altını üstünə çevirməyə ehtiyac görmürəm. Sadəcə içimdə bir  hıçqırtı  dolaşır: Qayıt yerinə qoy ayı, günəşi...

İndi o qədər ehtiyacım var, indi elə darıxıram sənin üçün. Lap kənddə dediyim kimi, az qala burnumun ucu da göynəyir sənin üçün. Amma sən darıxmaq fikrində deyilsən... sən çıxıb getmisən. Özü də hər şeyə, lap elə bu dünyanın özünə də tüpürüb getmisən. Mən bunu bilirəm, mən bunun səbəblərini çox gözəl anlayıram. Amma neyləyim ki, bildiklərimlə, anladıqlarımla razılaşmıram, barışmıram və öz-özümə min dəfə sual verirəm:

- Niyə bu qədər etibarsız çıxdınız? Niyə tək qoyub getdiniz? Bilmirsiniz təklik dözülməzdi? Bilmirsiniz təklərin üstünə yeriyən, qabaran, hətta hürən çox olur? Axı siz hər şeyi bilən idiniz! Siz hər şeyin fövqündə dayanırdınız! Bəs niyə belə etdiniz? Eh, nə deyim axı sizə! Bəlkə heç nə, bəlkə...

Heç kimi qınamıram, heç kimdən incimirəm. Bütün məqamlarda, bütün yerlərdə günahkar özüməm. Üsyankarlıq, etiraz etmək haqqımı həmişə gözlətmişəm, həmişə dondurmuşam... . Amma...

Yazının əvvəlində bir məqama diqqət yetirdim- təklənməyə, tək qalmağa işarə vurdum. Yenə həmin nöqtəyə qayıdıram. Son günlər o təklik, o təklənmə mənim üçün yeni zamanın başlanğıc nöqtəsidi. Mən o nöqtədən indi hər kəsə əvvəlkindən fərqli baxmağa çalışıram. Hətta ailəmdə də, işimdə də, nə qədər haqlıyam və yaxud əksinə, deyə bilmərəm. Ancaq bildiyim bir gerçəklik var - o da təklənməkdi, o da hücumlara məruz qalmaqdı, o da haqqı tapdalanmaqdı. Bütün bunlar istənilən duyğulu insanı səfərbər olmağa, ən azı özünə baxmağa səsləyən, məcbur edən bir çağırış, bir güc, bir təpkidi. Çünki yarılanmaq, yarı olmaq, o qədər də asan deyil, o qədər də dözülən deyil. Hətta qədim bir mahnımızın sözlərində deyildiyi kimi: Vətən bağı al-əlvan olsa da...

Hə, yaman təkləndim, yaman tək qaldım, səsimə səs vermədin, telefonun əhatə dairəsindən kənarda oldu. Özün ürəyimdə, ürəyim ürəyində olsa da, səsin, nəfəsin yanımda olmadı. Bax, onda əlim qələmə, gücüm vərəqlərə çatdı...

 

Vətən bağı cənnət oldu

Unutdurdu yarı sənə!

Yol gözləmək sənət oldu-

Yarı mənə, yarı sənə!

 

İstəkləri tam görmədik,

Bir ev-eşik, dam görmədik.

İşıq saçan şam görmədik -

Yarı mənə, yarı sənə!

 

Ürəyimiz köz-köz oldu,

Təsəllimiz döz, döz! - oldu.

Nə oldusa, lap düz oldu,

Yarı mənə, yarı sənə!

 

Hə, Vahid Əlifoğlu, niyə susursan? Niyə haqqımın müdafiəsində sözünü demirsən? Hə, ürək dostum, bəs sən hardasan? Nə yaman uzun çəkdi səfərin? Dağlar, dərələr, bulaqlar, çeşmələr, təbiətin göz-könül oxşayan növrağı, nə yaman unutdurdu məni sənə? Aç də, telefonu? Qayıt da əhatə dairəsinə? Axı meydanda tək qalmışam? Axı sənə ehtiyacım var!..

 

P.S. Vahid Əlifoğlunun şeirlərini "Ədalət  "qəzetin 14-cü səhifəsində oxuya bilərsiniz.