Sədaqət Kərimova : - YADDAŞIMDA BİR İŞIQ

YAZARLAR 17:55 / 02.04.2026 Baxış sayı: 272

 

Gəlin etiraf edək ki, bir-birinin evinə qonaq gedib-gəlmək dəbi sürətlə aradan qalxmaqdadır. Onunla birlikdə isə bir sıra gözəl adət-ənənələrimiz, qarşılıqlı ülfət, səmimiyyət də gedir. Hər dəfə bu barədə qəmli düşüncələrə dalanda birdən yaddaşımda bir işıq parlayır və onun şəfəqləri ürəyimə yayılır. İstəyirəm o işıqla sizi də tanış edim, dostlar!

Bakının mərkəzindəki məşhur “Beşmərtəbə” adlanan binada qonaq olmayan həmkəndlim çətin tapılar. Onu hamı "Qayıbın evi" kimi tanıyırdı. Ötən əsrin 90-cı illərinə kimi paytaxta yolu düşən Qusar rayonu Yargun kəndinin sakinlərinin əksəriyyəti gecə bu binanın Qayıb Qayıbova məxsus qonaq-qaralı mənzilində qalardı. Mehmanxanaya getməyə hamının imkanı olmurdu. Bakıda ev-eşiyi olan həmkəndlilərim çox olsa da, nədənsə hamı bu evin qapısını döyərdi. Şən, zarafatcıl, səxavətli Qayıbla onun gözəl, xoşxasiyyət həyat yoldaşı Hərifatın evində qalanlar burada həmişə açıq süfrə, xoş üz görərdi.

Hələ uşaqlıq illərində valideynlərimdən bu ailə haqqında xoş sözlər eşitmişdim. Universitetə daxil olan kimi, anam məni onların evinə aparıb Qayıb dayı və Hərifat xala ilə tanış etmişdi. Böyük mətbəx stolunun arxasında oturub yemək yeyə-yeyə şirin söhbət edən qonaqların arasında Hərifat xala bizə də yer düzəldəndə bu gözəl qadının səxavətinin, onun insanlara olan sevgisinin şahidi olmuşdum.

Qayıbla Hərifatın maraqlı sevgi tarixçəsi var idi. Uzun hörükləri olan ucaboy, ağbəniz Hərifat hələ uşaqlıqdan gözəlliyi ilə diqqəti cəlb edirdi. Bakıdan kəndə qonaq gələn Qayıb onu görən kimi vurulmuş, özündən 12 yaş kiçik qıza demişdi:

– Hərifat, böyüyən kimi səni alacağam.

Son dəbə uyğun geyinmiş bu yaraşıqlı gəncin sözlərini qız tez-tez xatırlayırdı. Ona görə də onuncu sinfi bitirib, barmağına nişan üzüyü taxılan gün üzündən peşmanlıq yağırdı.

Həmin günün səhəri kəndə xəbər yayıldı ki, Hərifatı qaçırıblar. Qızın nişanlandığını eşidən Qayıb özünü kəndə çatdırıbmış. Sən demə Hərifatın da Qayıbdan xoşu gəlirmiş. Həmin xoşbəxt izdivacın nişanəsi olaraq onların üç övladı: Bella, Tayib və Natiq dünyaya gəldi.

Hərifat bəy nəslinin övladı idi. Onun babası Əyyub Butayevin xeyli torpaq sahələri, mülkləri, qoyun sürüləri var idi. “Əyyubun bağları” kimi məşhur olan meyvə bağlarının şöhrəti ətrafa yayılmışdı. Azərbaycanda Sovet hakimiyyəti qurulanda onun bütün var-dövləti əlindən alınır. Qolçomaq oğlu kimi repressiyaya məruz qalan onun oğlu, riyaziyyat müəllimi Dadaş Butayev 1939-cu ildə həbs edilir. Müharibə başlananda o, ön cəbhəyə göndərilir, orada həlak olur. Qucağında bir yaşlı qızı olan arvadı Qızxanım 28 yaşında dul qalır və Hərifatı təkbaşına böyüdür. O, 48 yaşında vəfat etdi.

Qayıb Tayıb oğlu Tayıbov APİ-nin ikinci kursunda oxuyanda atası vəfat edir, anası, özündən kiçik bacısı və qardaşı onun himayəsində qaldığı üçün təhsilini yarımçıq qoyub işə düzəlir. Sonralar Riqada modelyerlik sənətinin sirrlərinə yiyələnir, Bakıda adlı-sanlı dərzi kimi tanınır. Uzun illər “Aynur” məişət evinin direktoru işləyir.

Qayıbla Hərifatı - bu gözəl cütlüyü nə şəhər həyatı, nə son dəblər, nə də pul dəyişdirə bilir. Onlar ömürlərinin sonuna kimi elcanlı, xeyirxah, mehriban və təəssübkeş insanlar olaraq qala bilirlər. Ən başlıcası isə zadəganlıqlarını itirmirlər. Şəxsən mənim həyatımın ən çətin anlarında onlar özlərini köməyə çatdırıblar. Mənim kimiləri isə az olmayıb.

1993-ci ildə Qayıbovları övlad acısı sarsıdır. Buna dözə bilməyən Hərifat bir il sonra dünyanı tərk edir. 40 gün sonra isə Qayıb vəfat edir.

O vaxtdan uzun illər ötsə də , bu işıqlı insanların gözəl xatirəsi həmyerlilərinin, eləcə də mənim yaddaşımda əbədi yaşayır. Ruhunuz şad olsun, işıqlı insanlar!

Bir bir və ya daha çox şəxs şəkili ola bilər