Şakir Xanhüseyin - Oğurlanır

Ədəbiyyat 10:23 / 02.04.2026 Baxış sayı: 86

 

Oğurlanan həyatımız var bizim;

an-an, gün-gün oğurlanıb, biləsən.

Ömrümüzdə böyük-böyük yalanlar

doğru olub, doğrulanıb, biləsən...

 

Oğurlanır bir tikədən yüz tikə,

bir damcıdan ümmanlar oğurlanır...

Kilidlənib ümidlərin qapısı,

birin üstə milyonlar oğurlanır...

 

Cansız-ruhsuz dolaşırıq sanasan;

canımızdan, vallah, can oğurlanıb.

Düzdən düzlük, yaxşıdan da yaxşılıq,

çəkilmir ki, bir əncam, oğurlanıb...

 

Nə yapdıq ki, nə yoğuraq, ay aman,

ayaq yoldan, əl işdən oğurlayır.

Oğurluğun mayasında olan nə;

üz həyadan, göz yaşdan oğurlayır...