Ədalət Salman - D A N I Ş I R
Hamı öz başın qoruyur,
Hamı yalandan danışır.
Evdə qalıb qız qarıyır,
Ağ atlı oğlandan danışır.
Bir ona bax, əba geyib,
Əhli-beytin malın yeyib,
Hansı üzlə ayə deyib,
Bizə Qurandan danışır?
Baxıb, yığılırsan cana,
Qalırsan hey yana-yana.
Əxlaqsız çıxıb ekrana
Ədəb-ərkandan danışır.
Doğma balan çıxır nankor,
Adətlərə baxırlar xor.
Düz qalıb, oğru, rüşvətxor
Haqdan, divandan danışır.
Görməyən də üzə durur,
Qonşu qızın pəlin vurur.
İmkanlı ağlaşma qurur,
Kasıb imkandan danışır.
Allaha küfr edən bəndə,
Haqq yoluna gəlməyən də,
Qibləsini bilməyən də
Dindən, imandan danışır.
Üzün qara olsun, dövran,
Anaya olmayıb həyan,
Atasın ata saymayan
İmam-zamandan danışır.
Bişmiş aşa su qatan çox,
Düz danışan görmədim, yox!
Bəs hamı hansı gözü tox
Kamil insandan danışır?