Onlayn elmi seminar keçirilib

Elm 10:06 / 02.04.2026 Baxış sayı: 121

AMEA Lənkəran Regional Elmi Mərkəzi və Şəki Regional Elmi Mərkəzinin                                    birgə təşkilatçılığı ilə onlayn elmi seminar keçirilib

 

 27 Mart - Elm Günü münasibətilə AMEA Lənkəran Regional Elmi Mərkəzi və Şəki Regional Elmi Mərkəzinin birgə təşkilatçılığı ilə Zoom platforması çərçivəsində “Müasir elmi çağırışlar: vəzifələr və perspektivlər” mövzusunda elmi seminar keçirilib.

 Lənkəran REM-in direktoru vəzifəsini icra edən, tarix üzrə fəlsəfə doktoru Cəmil Quliyevin moderatorluğu ilə keçən tədbirdə əvvəlcə AMEA-nın ilk prezidenti Mirəsədulla Mirqasımovun və 31 Mart  Azərbaycanlıların Soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

C.Quliyev giriş nitqində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 aprel 2018-ci il tarixli Sərəncamı ilə 27 mart respublikamızda elmi fəaliyyətlə məşğul olan şəxslərin peşə bayramı - “Elm Günü” kimi təsis edilib. Sərəncamda deyilir ki,  dünyanın bir çox ölkələrində elm gününün BMT Baş Assambleyasının müvafiq qətnaməsinə uyğun olaraq 10 noyabr tarixində qeyd edilməsinə baxmayaraq, Azərbaycanda “Elm Günü”nün məhz Azərbaycan Milli Elmlər Akademiyasının təsis edildiyi günlə əlaqələndirilməsi Azərbaycan elminə, alimlərinə və Akademiyaya dövlət səviyyəsində göstərilən yüksək diqqət, qayğı və etimadın bariz nümunəsidir.

Şəki REM-in elmi katibi Vəfa Atayeva çıxışında qeyd edib ki, səksən ildən artıq inkişaf yolu keçmiş AMEA ölkənin elmi-intellektual potensialının formalaşmasında, müasir Azərbaycan mədəniyyətinin və milli dövlətçilik ənənələrinin möhkəmləndirilməsində, eləcə də milli ziyalı elitasının yetişməsində mühüm rol oynamış aparıcı elmi mərkəz kimi tanınmışdır. Bu baxımdan dövlət başçısı tərəfindən “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 18 mart 2025-ci il tarixli Sərəncamın imzalanması Akademiyanın ölkənin elmi həyatında oynadığı mühüm rolun yüksək qiymətləndirilməsinin ifadəsi olmuşdur.

Sonra Lənkəran REM-in elmi işlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Samir Kərimovun “Müasir dövrdə ictimai və humanitar elmlərin qarşısında duran vəzifələr: ənənə və yeni reallıqlar”, Şəki REM-in Gənc alimlər şurasının sədri Elvin Rüstəmovun “Elmi potensialın inkişafında gənc alimlərin rolu və Azərbaycan Respublikasının dövlət dəstəyi” mövzularında məruzələri dinlənilib.

Natiqlər bildiriblər ki, 2022-ci ilin sonlarından başlayaraq AMEA-da aparılan məqsədyönlü islahatlar Akademiyanı ictimai və humanitar profilli bir elm ocağına çevirmiş, dövlətin ideoloji və milli-mədəni siyasətini həyata keçirməsi onun başlıca fəaliyyət istiqamətlərindən biri olmuşdur. 44 günlük Vətən müharibəsindəki Böyük Zəfərin əldə edilməsindən sonra yaranan yeni reallıqlar Azərbaycanın humanitar və ictimai elmlərinin də müasir reallıqlara və tələblərə uyğun inkişafını tələb edir. İşğaldan azad edilmiş doğma Qarabağımızda aparılan genişmiqyaslı quruculuq və abadlıq işlərində Azərbaycan alimləri də yaxından iştirak edirlər.

Məruzələrdə xüsusi vurğulanıb ki, AMEA-da aparılan islahatlar, eyni zamanda, humanitar və ictimai elmlər üzrə rəqəmsal platformanın geniş şəkildə tətbiqini zəruri edir. Rəqəmsal platforma humanitar və ictimai elmlərin inkişaf dinamikasının izlənilməsində və aparılan elmi tədqiqatların keyfiyyətinə nəzarətdə əhəmiyyətli yer tutur.

Diqqətə çatdırılıb ki, tarixən Akademiyada humanitar və ictimai elmlər üzrə bir çox elmi məktəblər formalaşmış və bu elmi işin həm də elmə yenicə qədəm qoyan gənc nəslin təşviq edilməsində böyük əhəmiyyəti vardır. AMEA-da Gənclər Akademiyasının yaradılması da bu məqsədə, gənc alimlərin elmi və peşəkar fəaliyyətinin artırılmasına xidmət edir. Akademiyanın elmi kontingenti həmişə Azərbaycan dövlətçiliyinə və milli maraqlara sadiq olmuşdur.

Məruzələr ətrafında müzakirələrdə Şəki REM-in Ədəbi-mədəni mühit və folklor şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru İradə Yusifova, Lənkəran REM-in Herontoloji tədqiqatlar şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Sevinc Hüseynova  fikirlərini söyləyib, rəy və mülahizələrini bölüşüb, “Elm Günü”nün qeyd olunmasının ölkədə elmi mühitin inkişafına və gənc nəslin elmə marağının gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminliklərini ifadə ediblər.

Sonda moderator Cəmil Quliyev elmi seminarın işində fəal iştirak etdiklərinə görə hər iki mərkəzin əməkdaşlarına minnətdarlığını bildirib.