Şahnaz Şahin - QƏRİBƏLİK

Gündəm 13:36 / 01.04.2026 Baxış sayı: 140

 

Aərbaycanin xalq artisti, Nəsimi, Babək, Beyrək kimi xalq qəhrəmanlarını və onlara film ömrü verərək yüksək səviyyədə yaratdığı obrazları ilə özü də əbədiyaşarlıq qazanan  Rasim Balayevi düşündüm...

 

Qışdan təzəcə çıxmışıq,

Küləyi yazdan sevirik.

Qəribə adamıq vallah,

Itirib sonra sevirik.

 

Birdən birə at oynadır

Başında çalpo fikirlər,

Içində qəlpə fikirlər,

Boz-qara kölgə fikirlər...

 

Paxıllıq, həsəd, ya nəsə

Qoymur sözü düz deyəsən.

Əyriləri əyri kimi,

Düzləri də düz görəsən...

 

Elə ki, sönür işığın,

Elə ki, dolur gözləri

Doğmaların, əzizlərin..,

Açılır tərif kitabı,

Bağlanır günah dəftəri...

 

Sağlığında duymadığı

Xoş sözlər yağır üstünə.

Heyif indi bu sözlər də

Dayanır onun qəsdinə...

 

Yağışı qışdan sevirik...

Küləyi yazdan.

Alovu közdən sevirik,

Arını baldan.

Adamı dildən sevirik,

Meyvəni güldən...

Amma qəribə adamıq,

Ən yaxşı adamları da

Elə ölümdən sevirik...