" Yaz  yağışları məhsuldarlığa müsbət təsir göstərir" - Tahir  Rzayev, Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri

İqtisadiyyat 10:15 / 01.04.2026 Baxış sayı: 182

"Yaz yağışlarının kənd təsərrüfatına faydası olduqca böyükdür. Çünki yaxın günlərdə artıq pambıq səpini mövsümü başlayır. Yağan yağışlardan sonra torpaq münbitləşir, nəm balansı bərpa olunur və nəticədə bitkilərin normal cücərməsi təmin edilir".

 Yenises.az  bildirir  ki, Milli Məclisin  Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev   bu   sözləri  mətbuata  açıqlamasında  deyib.

 

O vurğulayıb  ki, taxıl sahələri üçün də bu yağışlar çox faydalıdır: "Sahələr kifayət qədər su ilə təmin olunur, bu isə məhsuldarlığa müsbət təsir göstərir. Eyni zamanda, heyvandarlıq üçün də əhəmiyyətlidir - otlaqlarda bol ot çıxışı gözlənilir.

Ümumiyyətlə, yaz yağışları kənd təsərrüfatının bütün sahələri üçün vacibdir və yüksək məhsuldarlıq üçün əsas şərtlərdən biridir. Lakin qeyd etmək lazımdır ki, uzunmüddətli və intensiv yağışlar bəzən mənfi nəticələrə də səbəb ola bilər. Belə hallarda sel suları əkin sahələrini yuyur, çayların səviyyəsi qalxır və bəzi ərazilərdə hətta ciddi fəsadlar yarana bilir.
Baxmayaraq ki, bu yağışlar şəhərlərdə müəyyən çətinliklər yaradıb, rayonlarda vəziyyət nisbətən daha sabit olub. Bəzi dağlıq ərazilərdə çaylarda daşqınlar müşahidə olunsa da, xüsusilə Qarabağ və Şərqi Zəngəzur bölgələrində ciddi problemlər qeydə alınmayıb.

Bunun əsas səbəblərindən biri də odur ki, bəzi hallarda insanlar yaşayış evlərini riskli ərazilərdə - çay yataqlarına yaxın yerlərdə tikirlər. Bu isə güclü yağışlar zamanı təhlükə yaradır. Ona görə də bu kimi risklər nəzərə alınmalı, tikinti və məskunlaşma zamanı daha diqqətli olunmalıdır. Hazırda isə müşahidə olunur ki, yağışlardan sonra arpa və digər bitkilərin inkişafı yaxşı gedir. Bu da onu deməyə əsas verir ki, cari il kənd təsərrüfatı baxımından əlverişli olacaq.

Ümid edirik ki, belə də davam edəcək. Çünki məhsul bolluğu insanların rifahı və yaşayış səviyyəsi üçün olduqca vacibdir. Yaz mövsümünün bu cür əlverişli keçməsi gələcəkdə məhsuldarlığın artmasına müsbət təsir göstərəcək".