Sabir Zəkullaoğlu : - Yuxuda şair görmək nə deməkdir?
Yuxu da qəribə bir əməldir. Hər nəsə, onun hikmətini nə elm aça bilir, nə də din. Dinə nə var ki, onun əlində bu, iki vur ikidir. İstəsə, bir fətvayla ortaya böyük bir "elmi iş" qoya bilər. Ancaq elm hələ ki bu nəsnənin qarşasında aciz görünür.
Son vaxtlar tez-tez yuxu görürəm. Hamısı da real həyat kimi. Bu yaxında bir yuxu gördüm. Demək, illər əvvəl bir kollektivdə işləyirdim. Heyət çox rəngarəng, maraqlı, şən bir ekip idi.
Buradakı işimizin əsas ideya xətti aldatmaq idi. Yəni sübh tezdən hamımız bura bir-birimizi aldatmaq üçün gəlirdik. Bu ortamda ən çox aldanan mən olurdum. Çox vaxt bilə-bilə aldanırdım. Çünki məndən də avamlar var idi. Həm də bir az utancağam. Utanmağın nə qədər narahat hiss olduğunu yaxşı bildiyim üçün həqiqəti qarşı tərəfin üzünə çırpıb onu utandırmaq istəmirdim. İnanın, yazını yaza-yaza ha fikirləşirəm, bir nəfər məni aldatmayan iş yoldaşım yadıma düşmür ki, heç olmasa, onun adını bu mətndə düz adam kimi verim...
Aldatmaqda bütün kollektiv mahir olsa da, onların içində biri xüsusi seçilirdi. Həmin bu aldatmaqda mahir oğlan keçən həftə yuxuma gəlmişdi. Qardaş, heç libasını da dəyişməmişdi. Elə həmin geyimdə, həmin imicdə. Hərçənd ki, şıq geyinər, dəblə ayaqlaşmağı sevərdi. Gəlib yenə min bir feillə məni aldadıb getdi. Doğrusu, özüm də razı qaldım. Lap darıxdım onunçün. Bir həftədir yadımdan çıxmır.
Uşaq olanda eşitmişdim ki, yuxu tərsinə yozulur. Ancaq yarım əsrdən çoxdur ki, yuxuda gördüklərim real həyatda gördüklərimin davamı, oxşarıdır.
Bir xoşbəxtliyim də var ki, kimi istəsəm, yuxuda görə bilirəm.
Bu gecə də yuxuda bir şairi görmüşəm. Real həyatda bir neçə kərə rastlaşsaq da, elə də yaxın ünsiyyətimiz olmayıb: mən utanan adam, Abim də ki xarizmatik, bir az da özündən razı görünən bir oğlan. O üzdən bir-birimizdən uzaq düşmüşük. Ancaq bu gecə yuxumda şairlə bir xeyli dərdləşib söhbətləşdik. Çox sadə, səmimi və mehriban idi. Hələ şairlə badə qaldırıb arzu da tutduq.
Təcrübəm onu deyir ki, bir gün bu yuxu reallaşacaq.
Folklor nə deyir, dostlar? Yuxuda şair görmək nə deməkdir?