Bəhram Bilaloğlu-Zülmətdən işığa gedən yol
Ata hər axşam evin sakit guşəsində oturub düşünərdi. Pəncərədən süzülən işıq onun üzündəki narahatlığı daha da aydın göstərirdi. Həsən və Kənan qarşısında oturub diqqətlə atasına baxardılar. Ata isə sanki sözləri seçə-seçə danışardı — elə bil hər kəlmə bir toxum idi və o toxumu övladlarının qəlbinə səpirdi.
— Oğlum, insanın əsl sərvəti nədir? — deyə soruşardı.
Həsən bir qədər düşünüb cavab verərdi:
— Əxlaqdır, ata.
Kənan isə əlavə edərək deyərdi
— həm də doğru yol.
Ata başını tərpədib razılıq edərdi. Bu cavablar onun qəlbinə bir az su səpərdi, amma bu su heç vaxt tam susuzluğunu yatırmazdı.
Günlər keçirdi, nəsihətlər davam edirdi. Ata hər dəfə övladlarından eşitdiyi düzgün cavablarla qürurlansa da, daxilində qəribə bir sızıltı qalırdı. O sızıltı susmurdu. Çünki o bilirdi — ev bir məktəbdir, amma həyat bir meydandır.
Bir gün ata tək qaldı. Öz-özünə danışmağa başladı:
“Evimdə qurduğum nizam, verdiyim tərbiyə, öyrətdiyim əxlaq… bunlar kifayətdirmi? Axı cəmiyyət bir ailə deyil. Hər ev başqa cür nəfəs alır, hər qapıdan başqa səslər gəlir. Mənim övladım başqa evlərin səssiz dərslərini də eşidəcək…”
O an ata başa düşdü ki, tərbiyə yalnız öyrətmək deyil — qorumaqdır da. Amma qorumaq divar çəkmək deyil, güclü kök salmaqdır.
Ertəsi gün yenə oğullarını yanına çağırdı.
— Oğlum, — dedi, — elə insanlar olacaq ki, sənə doğru olmayanı doğru kimi göstərəcəklər. Elə sözlər eşidəcəksən ki, ürəyinlə ağlın arasında qalacaqsan. O zaman nə edəcəksən?
Həsən bu dəfə daha aram cavab verdi:
— Sənin öyrətdiyini xatırlayacağıq, ata.
Kənan isə dedi:
— Və öz vicdanımızı dinləyəcəyik.
Ata susdu… Amma bu dəfəki sükut başqa idi. Bu sükut narahatlığın yox, bir az ümidin sükutu idi.
Sükutun səssizliyinə bürünən ata özü özlüyündə düşünərək dedi- övladını cəmiyyətdən ayıra bilməzsən. Amma ona elə bir ruh verə bilərsən ki, o, cəmiyyətin içində itib getməsin.
Axşam yenə pəncərədən işıq düşürdü. Ata bu dəfə o işığa baxıb düşündü:
“Əgər qəlbdə işıq varsa, qaranlıqdan qorxmağa dəyməz…”
Yetər ki,qaranlıqdan işığa baxmağı bacarasan!