AY Bəniz - GECƏMİZ

Ədəbiyyat 16:12 / 30.03.2026 Baxış sayı: 222

 

Bir ətirli tumurcuqdur yenə də,

İncə-incə çiçəkləyir gecəmiz.

Təzə-təzə ayaq açan körpətək,

Eşqə doğru iməkləyir gecəmiz.

Tər-təranə bənövşədir hər yanım,

Bu cənnətdən kim istəyər oyanım?

Əllərinə dönür yenə, ay canım,

Saçlarımı hörükləyir gecəmiz.

Hər fəsildən güllər dərib əlinə,

Arı kimi bal qatıbdır dilinə.

Çırpıb-çırpıb, atıb yenə belinə,

Həsrətini sürükləyir gecəmiz.

İstəyi nə, arzusu nə, gücü nə?

Bu gecələr bizsiz necə keçinər?

Od atmışam ürəyimdən içinə,

Xısın-xısın körükləyir gecəmiz.