Əbülfət Mədətoğlu - Heç ağlımdan keçmədi...

YAZARLAR 12:01 / 25.03.2026 Baxış sayı: 259

 

Mənim üçün bir yuxuydu bu istək

İlğımı da heç ağlımdan keçmədi...

Yer üzündə heç yoxuydu bu istək -

Olmağı da heç ağlımdan keçmədi...

 

O ağ paltar, nə də ki, mən ağ atlı

Üzümüzü ancaq həsrət ağartdı...

Bizi günə təsadüflər çıxartdı -

Qalmağı da , heç ağlımdan keçmədi...

 

Çəlpənəkdi uçurtduğum əlvida ,

Göz gəl yazır, qələm tutan əl, nida!..

Sarı simdə ruhum üçün bir qida -

Çalmağı da, heç ağlımdan keçmədi!

 

Ha üzsə də buludluğum bu canı

Qurban dedim , pay tutduğum bu canı!..

İllərdir ki, unutduğum bu canı -

Almağı da, heç ağlımdan keçmədi!

 

Duman çətin dağ başında şal qala

Dan yerində göz oxşayan al qala!

Əbülfəti bu duruma, bu hala -

Salmağı da, heç ağlımdan keçmədi...

Sevil İsayeva

Əbülfət Mədətoğlunun bu şeiri itirilmiş eşqin, reallaşmayan arzuların və taleyin gözlənilməz gedişatının kədərli bir lirik etirafıdır.

Şeirdə insanın öz istəklərinə və taleyinə qarşı çarəsizliyi ön plandadır. Müəllif "heç ağlımdan keçmədi" rədifini təkrarlamaqla, baş verənlərin, ayrılığın, yaşlanan canın, çəkilən dərdin onun iradəsindən kənar olduğunu vurğulayır.

"Sarı simdə ruhum üçün bir qida", "buludluğumun bu canı üzməsi" kimi ifadələr şairin daxili sarsıntılarını obrazlı şəkildə ifadə edir.

"Ağ paltar" və "ağ atlı" arzusu ilə "həsrətin üz ağartması", qocalması arasındakı təzad, xəyallarla acı həqiqətin toqquşmasını göstərir.

"Sarı sim" kədəri, "duman" isə qeyri-müəyyənliyi və çıxılmazlığı əks etdirir. Şeirdə dərin bir nostalgiya və təslimiyyət ruhu hakimdir. Müəllif illərdir "unutduğu" canını ölümün belə alacağını düşünməyərək, taleyin hər bir zərbəsinə qarşı hazırlıqsız olduğunu səmimi şəkildə dilə gətirir.

Qısacası, Əbülfət Mədətoğlunun bu seiri həsrətin insan ruhunu necə cilaladığını və onu gözləmədiyi bir "hala" saldığını göstərən uğurlu bir psixoloji lirika nümunəsidir.