Qulu  Məhərrəmli : - Hamı görkəmli yazıçı-publisist Seyran Səxavətdən  yazır

YAZARLAR 21:03 / 24.03.2026 Baxış sayı: 256

Bu günlər məmləkətdə az qala hamı görkəmli yazıçı-publisist Seyran Səxavətin 80 illik yubileyindən danışır və yazır. Düz də edir, çünki bu sənətkar Azərbaycan ədəbiyyatında özünəməxsus yaradıcılıq üslubu, Mirzə Cəlilə bənzər sadə və canlı dili, həyata, hadisələrə realist baxışı ilə seçilən bir istedadlı nasir və publisistdir. Gözəl olan odur ki, S.Səxavətin əsərlərində həyat romantik deyil, olduğu kimidir, bər-bəzəksizdir və yazıçı bu reallığı müasir insanın gündəlik düşüncəsindən, fərdi psixologiyalardan və mürəkkəb sosial münasibətlərdən süzüb keçirərək oxucuya təbii, səmimi bir şəkildə çatdırır.

Bəli, Seyran Səxavət xalq dilinə, xalq ruhuna yaxın bir tərzdə, cazibədar üslubda yazır və elə o cür də şirin danışır. Onun dili sadə, təbii, axıcı və danışıq üslubuna yaxın olduğu üçün oxucuya tez təsir edir. Çünki bu yaradıcılığın əsasında xalq təfəkkürü, duzlu yumor və istehza, oynaq dialoqlar, həyatın fərqli detalları, milli kolorit və psixoloji dərinlik dayanır. Obrazların daxili aləmi, düşüncə və tərəddüdləri, ağrı-acılarının ustalıqla təsviri S.Səxavətin əsərlərinə xüsusi bədii vüsət verir.

Dəyərli yazıçının publisistik düşüncəsi, mətbu yazıları, Ana dili və digər milli problemlər barədə açıq ictimai çıxışları da tədqiqata ehtiyacı olan ayrıca bir mövzudur. Onun bu çıxışlarında ictimai problemlərə münasibət, vətəndaş mövqeyi və zamanın ruhunu hiss etdirmək sözün həqiqi mənasında gözəl nümunədir.

Mən böyük yazıçımızı və gözəl dostumuzu yubileyi münasibətilə ürəkdən təbrik edir, möhkəmcansansağlığı və daha böyük şövqlə yazıb-yaratmasını arzu edirəm.