Saqif Qaratorpaq - Əsən külək də susdu
Əsən külək də susdu,
Narın-narın yağır qar.
Nə halını soruşan,
Nə qapını döyən var...
Dizini qucaqlayıb
Oturmusan evdə tək.
Bir sevgiyə təşnədi
Heyf,indi hər ürək.
Pəncərədi,bir də sən...
Xəyalların uzaqda.
Bir sərçə cikkildəyib
Yellənir yaş budaqda.
Neyləsən də azalmır
Qəlbinin sızıltısı.
Əzabına dəm tutur
Çaydanın dızıltısı.
Dünəndən yorğun düşüb
Fikrinin ağ qanadı.
Axşamdan pıçıldayır
Dodaqların bir adı...
Asta-asta yağır qar,
Hayana baxsan ağdı.
Səni yuxu aparır,
Xatirələr oyaqdı...