Əşrəf Veysəlli - SEVƏNLƏR… SEVMƏYƏNLƏR
Deyirlər: hər işin başlanğıcı var,
Deyirlər: heç nəyin axırı yoxdur.
Məni sevməyənlər nə bədbəxdilər,
Məni sevənlərin ağılı yoxdur.
Ağladıb üzümə gülsələr belə,
Bir təmiz, bir şəffaf ad içindəyəm.
Gözümün odunu alsalar belə,
Baxsan görərsən ki, od içindəyəm.
Bir nəğmə oxuyar bu dilsiz sükut,
Yurdumdan, yuvamdan qoparar məni.
Bir inadlı külək, qanadlı bulud
Qatıb qabağına aparar məni.
Hər bahar əlimdən almaz qışımı,
Bir solmuş yarpaq da ağladar məni.
Yüz yaşlı qoca da tovlar başımı,
Dünənki uşaq da aldadar məni.
“ Can” deyib qanıma qəltan eyləyib,
Sonda qoltuğuma şələ verərlər.
Küsdürə- küsdürə yoldan eyləyib,
Güldürə- güldürə yola verərlər…
Bilirəm hər işin başlanğıcı var,
Bilirəm heç nəyin axırı yoxdur.
Məni sevməyənlər nə bədbəxtdilər,
Məni sevənlərin ağılı yoxdur.
2019- cu il.