Ələsgər ƏLİOĞLU - ÇATIŞMIR
Şeytan peyda olur mələk donunda,
Min fitnə, min fəsad axır qanında...
Abır da, həya da yatır qınında,
Haqdan yapışmağa ətək çatışmır.
Nə qədər torpaq var düşmən əlində,
(Bu alış-verişin kökü dərində!..)
Hərə öz kefində, öz əməlində,
Bunları duymağa ürək çatışmır.
Çıxır millətimin çörəyi daşdan,
Həm əyindən olur, həm də ki başdan.
Gözə dəymir Simurq...
Küsüb o quş da,
Daha yandırmağa lələk çatışmır.
Ərimir dövranın, ərimir buzu,
Yoxdur haqq-salamın heç dadı-duzu!
Neçə İsgəndərin çıxıb buynuzu,
Sirləri açmağa tütək çatışmır!..