Şakir Xanhüseyn - BİR İKİ
1.
***
göz yaşını silmək
dərhal ağlayandan sonranın işi deyil,
üstündən çox vaxt keçə də bilər;
bir də əlini gözünə aparanacan
dəqiqələr, saatlar bir əsr, qərinə qədər
uzanar da hələ...
bilməlisən ki,
göz yaşını silmək ağlamaqdan betərdi;
kimsə sənin ağladığını görsün də,
amma göz yaşlarını sildiyini görməsin...
2.
***
adam bəzən
elə bükülür, bürünür bir fikrinə ki,
özünü atmış kimi ən dərinə ki...
ancaq bu bükülmə, bürünmədə
ruh başlayır üşüməyə,
yer qalmır bir şey düşünməyə...
ruhun üşüməyi necə olur?
dövrəni bürüyür od-alov,
deyirsən bu həyat lodu, lo;
yaşamırsan bir xoş gün ki,
ağa əl atırsan, qara çıxır
bəxtinə sanki...