Şakir Xanhüseyn - SƏXAVƏT OXUYUR...
Səxavət Məmmədovun xatirəsinə
Səxavət oxuyur, elə bilirəm
səsində bir yara vardır çox dərin...
Deyə də bilər bir ürəyi yanan:
susuzam, mənə o səsdən gətirin...
İllərlə illərin həsrətlisitək
atəş körükləyir, hə, bu səs elə...
Bəzən də sanıram od alıb, yanıb
yanmaqdan qurtarram
mən bu səs ilə...
Ruhum sığallanıb oxşanır kimi
sanki üz təması, əl təmasıyla...
Dünyanın işləri yönə düşmür ha
kiminsə arzusu, iltimasıyla...
Bir səslə odlanıb alışmaq da yey,
qəfildən yanasan, külün qalmaya...
Eşidib bir səsi milyon səs susar,
acılar yığılar bir külqabıya...
Adamı yandırıb suya döndərir
qəmli mahnıların alovu, közü...
Birdən çaşqınlıqla döyükürəm ki,
Səxavət oxuyur, bəs hanı özü?!.
2025