Ayaz Arabaçı - Allahım, Allahım, şükürlər olsun..

Ədəbiyyat 10:28 / 24.03.2026 Baxış sayı: 618

Həsrətli yolların tozu sovrulur,

Qarası, kürəni, bozu sovrulur,

Donmuş gülüşlərin buzu sovrulur..

Ümidlər qarışır dağ havasına.

İllərin ağrısı çəkilir geri,

Doğma ocaqlara səfər başlayır,

Mənzilə nə qaldı,

Yeri ha, yeri..

Allahım, Allahım, şükürlər olsun,

Köçkünlər dönürlər yurd yuvasına.

Hər qarış torpaqda şəhid qanı var,

Öpüb hər qarışı göz üstünə çək.

Bitişir, sağalır, köhnə yaralar,

Ocaqlar yenidən tüstülənəcək.

Köçkünlər qayıdır el-obasına,

Könüllər bəxtiyar olacaq yenə.

Dağılan həyətlər, uçulan evlər,

Adam səsləriylə dolacaq yenə.

Otuz il sınadı, sinəsi dağlı,

Sınadı bu xalqı zaman doyunca.

Köçkünlər qayıdır yurd-yuvasına,

Uşaqlar güləcək həyət boyunca.

Dağlar salam verər qayıdanlara,

Uğur diləyirəm yol adamına.

Nə gözəl köç gedir üzü bahara,

Yollar qucaq açır hər addımına.

Səssiz məzarların dili açılır,

Şəhid ruhlarının gülür üzləri..

Uçuq pəncərədən günə boylanır,

İçində gül açıb boş gilizlərin.

Allahım, Allahım, şükürlər olsun..