Rəqəmsal Təsadüf: Salfetdəki Nömrə

YAZARLAR 09:57 / 24.03.2026 Baxış sayı: 655

 

​Mülayim cənub küləyi onun gur sarı saçlarını üzünə tökmüşdü. Yaşıl masanın üzərindəki qədəhdə bərq vuran ağ şərab günəş şüalarını əks etdirərək, onun bəyaz çöhrəsini bir az da işıqlandırırdı. Masmavi gözləri sanki sahilində oturduğu Aralıq dənizinin bir damlasını özündə gəzdirirdi.

​Əlləri o qədər incə və kiçik idi ki, lap uşaq əlini xatırladırdı. Ancaq yanaqları kimi əlləri də toppuş və ətli idi. Hər iki biləyindəki rəngbərəng qolbaqlar qolundakı gümüşü saatı az qala görünməz etmişdi. Qadınların isti yaz günündə xına rəngli uzunboğaz çəkmələri niyə geyindiklərinə əvvəllər təəccüblənsəm də, bu görüntünün qadına necə yaraşdığını indi onun şəxsində daha aydın görürdüm. Çəkmələr ayaqlarına o qədər sıx və kip oturmuşdu ki, onları necə çıxaracağı barədə düşünmək beynimdə texniki bir xəta ("error") yaradırdı.

​Bu mənzərədən gəldiyim qənaət o oldu ki, qadın gərçəkdən də Yaradanın ən gözəl əsəridir. Hətta təkcə qadının varlığına görə yaradana şükür etməyə dəyər.

Görüşümüz iş xarakterli olsa da, bu gözəllik işi arxa plana atıb, məni məndən alıb aparmışdı.

Düşünürəm ki, qadın hansı fəaliyyət növü ilə məşğul olur-olsun, məkanından və vəzifəsindən asılı olmayaraq, o, ilk növbədə qadındır; qalan hər şey sadəcə təfərrüatdır.

​Xanım növbəti görüşü təyin etmək üçün əlaqə saxlayacağını bildirib, zərif bir jestlə sağollaşdı.

Əslində, bütün yazışmalarımız elektron poçt üzərindən reallaşdığı üçün telefon nömrəsinə ehtiyac yox idi, lakin mən hər ehtimala qarşı xanım menecerin mobil nömrəsini götürdüm. Nömrəni telefonun yaddaşına deyil, adətim üzrə əlimdə oynatdığım qələmlə salfetin bir küncünə qeyd etdim.

​Ayrıldıqdan sonra maşına əyləşən kimi sosial şəbəkəyə daxil oldum. İlqar Əlisoy un zarafat dolu postları, Elçin Hüseynov- həkimimizin diaqnozları və Azər Rəşidoğlu nun atmacaları məni bir az güldürdü.

Lakin səhifəni aşağı sürüşdürərkən qəfil dayandım: indicə nömrəsini aldığım xanım menecerin profil şəkli qarşıma çıxdı.

​Təəccüb məni bürüdü. Axı mən onun nömrəsini hələ telefona qeyd etməmişdim! Yarıislanmış salfet küncünə yazılmış nömrə hələ də gödəkçəmin döş cibində idi. Bəs bu nə əlaqə idi? Niyə bu profil məni təqib edirdi?

Sanki rəqəmsal dünya canlı bir varlıqdır; onun ruhu, duyğuları və görünməz barmaqları var. O, sanki məni tətikləyir, bayaq tanış olduğum insana "dostluq" göndərməyim üçün gizli bir mexanizmi hərəkətə gətirirdi.

​Müasir texnologiya artıq sadəcə cihazlardan ibarət deyil; o, bizim addımlarımızı, maraqlarımızı və hətta təsadüflərimizi izləyən ağıllı bir sistemdir. Cibimdəki salfetdə qalan nömrə hələ rəqəmsal dünyaya köçməsə də, mobil cihazlarımızın eyni məkanda olması və ortaq işgüzar əlaqələrimiz bizi virtual aləmdə çoxdan birləşdirmişdi.

"Böyük Verilənlər" (Big Data) adlanan bu sistem, sanki bizim düşüncələrimizi qabaqlayaraq bizi eyni rəqəmsal nöqtədə qarşılaşdırır.

​Lakin elm və texnika nə qədər sürətlə inkişaf etsə də, insan hissləri və estetik zövqü hər zaman mərkəzdə qalır. Texnologiya bizi bir-birimizə fiziki nömrələrdən daha sürətli bağlasa da, o xanımın baxışlarındakı dəniz damlasını və yaz günündəki o "xına rəngli" harmoniyanı duya bilmək hələ də yalnız insana məxsus bir imtiyazdır. Rəqəmsal dünya bizi təqib edə bilər, lakin gözəlliyin qarşısındakı o heyranlıq dolu "error"u yalnız insan ruhu yaşaya bilər.

 

                                                                   Sabir  Zəkullaoğlu