Fəridə Ləman - YAMANCA QORXURAM

Ədəbiyyat 12:15 / 25.03.2026 Baxış sayı: 194

 

Yamanca qorxuram zalım dünyadan,

Silahlar tozanaq qoparır göydə.

Yıxılsın tifağın silah çıxardan,

Nə olsun hədələ, nə olsun söy də.

 

İnildəyir torpaq ayaq altında,

Şəhid haraydır,şəhid ünüdür.

O qönçə çiçəklər vaxtsız soldular,

Ümidim can verib,ölən günüdür.

 

Siz ey varı ilə qürur duyanlar,

Sabah nə olacaq bilirsənmi heç?!

Ruhun daşlaşıbdı,vicdan da yoxdur,

Ümmanlar coşanda həyat olur puç.

 

Hər kəsin boynunda dəyirman daşı,

Ölürük zillətlə zülmət içində.

Uşaqlar üz cırır,dodaq büzürlər,

Qalmışıq töhmətlə külfət içində.

 

Fələk də baxmayır biz olan səmtə,

Yanıb kösövlənir koksümdə qəlbim .

Haranın daşını tökək başıma,

Min sual içində cavab-nə bilim?!

 

Sığınıb qeyrətə gənclər,cavanlar,

Utanır boyundan gözə görünmür.

Oğul çörəyini gözləyir hər kəs,

Nə əncam çəkilir,nə iş görülmür.

 

Yollarda tələ var ayaqdan tutan.

Qələm neyləyəcək ha yaz,ha danış.

Çoxu da deyəcək hələ öl,utan,

Yaxşısı budur ki,olanla barış!..