Kəmaləddin Qədim - ÇATANDA ƏLİM ÖZÜMƏ...
Mən özümdən yıxılanam,
Qoy durum, gəlim özümə.
Elə, düşdüyüm kimi də
qalxım, dikəlim özümə.
Elin-günün halı halım,
Zəhri zəhrim, balı balım.
Ən qiymətlim, ən bahalım,
gövhərim, ləlim özüməm.
Həyan özüm, qənim özüm,
Suyum özüm, dənim özüm.
Özüməm düşmənim, özüm,
vurğunum, dəlim özüməm.
Açam, gülümü görəsən,
Yanam, külümü görəsən.
Gəlib günümü görəsən
çatanda əlim özümə...