Ayaz Arabaçı - Sevimli və əziz yazıçım Zahid Sarıtorpağa..
Sükutun qabırğaları bir-bir sınır içimdə,
Hava üfunət qoxur.
Dilimə gələn sözlər öz kölgəsindən qorxur.
Danışmaq istədikcə
dodaqlarımın altında bir
ağac qol-budaq atır,
boynuma doğru.
Gözlərimdə qaranlıq doğur.
Mən
yarıyacan susmuş bir qışın içində
qar dənələrini yox,
ağzımda yanan sözlərin
külünü yağdırıram başıma.
Ağlamaq, sızlamaq da tərs kimi
yaraşmır yaşıma!
Allahdan bir az vaxt alıram..
Alnım qaranlığa dirənib
kölgəmin
harada öldüyünü axtarıram.
Qaranlıqdan yetim qalmışam..
Ötən illərin pırıltısı
indi çürümüş metal kimi pas atır yaddaşımda.
Saniyələr dişlərini sıxıb
ürəyimin divarını gəmirir başımda.
Offf...
İndi kimin növbəsidir, içindən çürüməyə.
Canımdan Sibir küləyi keçir,
Yanımdan canı dişində adamlar..
Hörmüz boğazına dönüb
zamanın boğazı,
keçə bilmirəm.
Göz-gözü görmür rəngləri seçə bilmirəm..