Ələddin Əzimli - SƏNLİ GÜNLƏRİM
"Sözlərdəki sən"dən
Gedər,
gedər bu qatar
üzü qürbətə sarı.
Həzin duyğularımı, ürəyimi,
uzun illərin sevgisini,
sənli günlərimi aparar.
Əsər,
əsər bu külək
qatıb qarışdırar buludları.
Günəşli yaz öncəsi
yolub tökər
budaqları çiçək-çiçək.
Yağar,
yağar bu yağış
naz sata-sata üzgün şişəklərə.
Qoymaz daşı daş üstə
dağ çəkər
yorğun, qəmli ürəklərə.
Axar,
axar bu çay,
üzü dənizə-gündoğana.
Sığmaz məcrasına,
doğma sahillərinə,
köpüklənər dalğalana-dalğalana...