Arzu Əsəd - "Səndən adam olmaz" kompleksinin çərçivəsindən çıxmaq  vaxtıdı

YAZARLAR 13:34 / 31.03.2026 Baxış sayı: 569

"Hamı politoloq olub", "hamı iqtisadçı olub", hamı siyasətçi olub", "hamı alim olub", "hamı dindar olub", "hamı şair olub" - bu ifadələri çox tez-tez ya kobud, əsəbi, ya da lağlağı şəklində eşidirik.

Bu ifadələrin müəlliflərinin əksəriyyəti uşaq vaxtı başqalarından "səndən adam olmaz" sözlərini eşidənlərdir. "Məndən adam olmaz" kompleksini öz natamam şəxsiyyətində bərkidənlər bir ömür uşaqlıq travmalarını özündə gəzdirərək ətrafdakılara bu və ya digər dərəcədə lağlağı ilə, ironiya ilə yanaşırlar. Başqalarına lağlağı etmək, əslində, özünə güvənsizliyin gizli, üstü basdırılmış şəklidir. Bu çox zaman da özünü üslubda göstərir. Mənsub olduğu bütöv bir milləti, xalqı, cəmiyyəti qınamaq, onun dəyərlərini lağlağı predmetinə çevirmək, insanlara, oponentlərinə, həmsöhbətlərinə qarşı yekəxanalığını gizlədirmiş kimi lütfkarlıq qarışıq bir kinayəli tərzdə münasibətdə bulunmaq uşaqlıqda "səndən adam olmaz" ibarəsinin bir ömür altından çıxmaq istəmək çabasıdır. Adamın ayaqları yer tutandan sonra ömrünün köməksiz çağlarında başına dəyən qapazların qisasını dünyadan almaq cəhdləridir. Bunun psixoanalitik tərəfi ayrı bir mövzudur...Amma, doğrudanmı, hamı politoloq olmalıdır?

Əlbəttə, cəmiyyət üzvləri nə qədər yüksək siyasi şüura malik olsalar, o cəmiyyət bir o qədər də inkişaf etmiş olar. Siz nə istəyirsiniz? Qulağının dibində raket, bomba partlayan adamlar geosiyasətlə maraqlanmasınlar? Gözəl, ədalətli cəmiyyət qurmaq istəyən cəmiyyət üzvünün siyasi, iqtisadi şüuru olmasın? 21-ci əsr insanı elmin populyarlaşdığı, süni intellektin meydan suladığı bir dövrdə kvant fizikasından, mikrobiologiyadan, ən ümumi qanunauyğunluqları öyrədən fəlsəfədən xəbərsiz olsun? Hər kəsin qarşısında ölüm durduğu, hər kəs öz ölümünü özü dadacağı halda insanlar metafizika ilə, onlara ölümdən sonranı vəd edən dinlə maraqlanmasınlar? Sən onun yerinə öləcəksən ki, yekə-yekə ona Allahın olub-olmadığını təlqin edəsən? Təbiət hamıya söz, hissiyyat, ifadə olunmaq bacarığı, estetik zövq bəxş edib, adam şeir yazır, bunun kimə nə zərəri? Artıq buna öyrəşmək lazımdır.

Onsuz da peşəkarları hər bir cəmiyyətin daxilindəki rəqabət mexanizmləri özü seçib bir məqama, mövqeyə gətirir. Amma artıq elə dövrdəyik ki, cəmiyyət son dərəcə interaktiv olmalıdır, əksər cəmiyyət üzvləri istədiyi sahədə özlərini ifadə edə bilməlidir. Başqası lağlağı predmeti deyil, hörmət, ehtiram predmeti olmalıdır. Çünki o sənin oponentindir, güzgündür, o var deyə sən dəyərlisən, o olmasa sənin də kimliyin, dəyərin bilinməz.

Komplekslər onların mahiyyətinə vardıqca yumşalır, zəifləyir, nəhayət, əsaslı dərəcədə aradan qaldırıla bilir. Dünyaya artıq "səndən adam olmaz" kompleksinin çərçivəsindən çıxaraq baxmaq vaxtımızdır.