Ayaz  Arabaçı - Sizin küçənizdən keçirdim dünən...

Ədəbiyyat 11:43 / 31.03.2026 Baxış sayı: 562

Sizin küçənizdən keçirdim dünən,

Mahnı oxuyurdum,kefim saz idi.

Başqa küçələrdən getməmişdi qış,

Sizin küçənizdə tamam yaz idi.

 

Eviniz gülürdü pəncərələrdən,

Ağ-ağ gül açmışdı divarı-daşı.

Çoxdan unutduğum qonşularınız,

Qarşıma çıxırdı hər addımbaşı.

Sizin küçənizdən keçirdim dünən,

Elə bil dənizdən keçirdim dünən..

Günəşdə yanını yerə verənlər,

Baxıb gözlərini ağartmırdılar.

Məhlə uşaqları kefsiziydilər,

Dalımca gülüşüb söz atmırdılar..

Sizin küçənizdən keçirdim dünən,

Sellər adlayırdım,dağlar aşırdım.

Sizin evinizə yaxınlaşdıqca,

Özümdən ayrılıb uzaqlaşırdım

Sizin küçənizdən keçirdim dünən,

Baş alıb gedirdim fit çala-çala,

Nə solum bəlliydi,nə də ki,sağım..

Nanəli konfettək sorurdu yolu,

Sizin küçənizdən keçən ayağım.

Gözümə sataşdı açıq qapıdan,

Gördüm həyətdəki qonaqları da..

Əsgəri qaydada dayanmışdılar,

Gülüb salamladım qovaqları da..

Neçədə istəsəm gəlib-gedərdim,

Bir vaxtlar qan ilə doluydu didəm.

Mən elə indi də qabaqkı kimi,

Sən olan küçəyə,evə aidəm.

Ruhuma dad vermir başqa "təam"lar,

Sənli xəyalları ləziz tuturam..

Özün bilirsən ki,sizin küçənin,

Xətrini həmişə əziz tuturam..

Sizin küçənizdən keçirdim dünən,

Mahnı oxuyurdum,kefim saz idi.

Başqa küçələrdən getməmişdi qış,

Sizin küçənizdə tamam yaz idi...