Bəhruz   Niftəliyevdən  İKİ ŞEİR

Ədəbiyyat 10:44 / 01.04.2026 Baxış sayı: 169

 

 

***

Ömür paydı, nə haraydı,

Kisəsindən yeyən deyil?

Qürur elə bir saraydı,

Ucasından enən deyil!

 

İç səsim də çölə bənddi,

Mən çəkdiyim həmin dərdi,

Candı, ruhdu, əmanətdi,

Bir namərtlə ölən deyil.

 

Solu boşluq, sağı qardı,

Ağ gördüyün sarğılardı,

Sevsə idi, qarğımazdı,

Mən gördüyüm, görən deyil.

 

Ürək deyir yara, sarı,

Yar qoxusu, yara sarı,

Qov daxmandan yarasanı,

Yoxsa bülbül dönən deyil.

 

Nəfəsini meh bilərdim,

Göz yaşınla mərmilərdin,

Ürəyini mən bilərdim,

Yad sevdaya dinən deyil.

 

Döyüşdüyüm qoç oldumu?

Arzularım puç oldumu?

Tanrı, sənə borc oldumu?

Yeni ömür gələn deyil!..

 

Yarat məni, başdan yarat,

Bir az möhkəm, daşdan yarat,

Aşıq olub dastan yarat,

Əlindəki qələm deyil?!

27.03.26

 

 

 

 

***

Hisslərim günah,

İzlərim dan yeri.

Toxunma mənə,

Sığalın qan yeri!

Yorulmuşam,

Bataqlıq ömrü yaşamaqdan.

Yorulmuşam,

Özümə dərd,

Özümdə qərq olmaqdan!

Ürəyim “döz” deyir,

Nə deyirsə, düz deyir.

Tanrı mənə söz deyir,

Dəm vurur daş atmaqdan!

Neynirəm mən şeytanı,

Ya xanı, ya sultanı?!

Mənə məni qaytar sən,

Söylə mənə, “Mən” hanı?”

Tapammıram canımı

Qoymağa yer, İlahi!

Dərdimi daşa deyim?

Duymağa yer, İlahi!..

“Yerin də qulağı var!”

Sən məgər eşitmirsən?

Öz gözümdən düşürəm,

Sən məni düşünmürsən?

Ağrım yaman çoxalıb,

Axrım nədir, İlahi?..

25.03.2026