Ayaz Arabaçı - Alınmır

Ədəbiyyat 08:47 / 02.04.2026 Baxış sayı: 143

Qəlbimizi "sən"ə, "mən"ə ayırdıq,

Neyləsək də, daha o "biz", alınmır.

Başqa sirr var məchulunda, nədisə,

Bu tənliyin cavabı düz alınmır.

 

Öldürdükcə hər nöqtəmdən törərsən,

Taleyini zənci saçı hörərsən,

Məndən ancaq bir əlvida görərsən,

Yox ey məndə priz-mriz alınmır..

 

Nə vaxt bir ağ gün gördü ki, "rəiyyət"

Üzü göyə nə arzu tut, nə niyyət,

Bircə dəfə möhürləyir təbiət,

Məhəbbətdə iz üstən iz, alınmır.

 

Atılırsan pələng kimi və cəngə,

Qovzanırsan, vaxt getməsin cəfəngə,

İstəyirsən əl atasan tüfəngə,

Baxırsan ki, boşdu giliz, alınmır.

 

Dolaşanda ayağıma-əlimə,

Öyüd verib içimdəki dəlimə,

Bir il getdim sürünməyə təlimə,

Baxdım gördüm, məndə o diz, alınmır.

 

Dərdlərini oymaq elə, nə xeyri,

Hər sözünü qaymaq elə, nə xeyri,

Yüz yerindən qaynaq elə, nə xeyri,

Qırıldısa ürəyimiz, alınmır.