Göyərcin Mustafayeva : - SULTAN MƏCİD QƏNİZADƏNİN MAARİFÇİLİK İDEYALARI
Azərbaycan mədəniyyətinin inkişafı tarixinə görkəmli maarif xadimi, müəllim,
pedaqoq, yazıçı, bir sıra lüğətlər, dərsliklər müəllifi kimi daxil olan
Sultan Məcid Qənizadə-160
XIX əsrin sonu XX əsrin əvvəllərində yaşamış, xalqın maariflənməsi uğrunda böyük xidmətlər göstərmiş ziyalı, pedaqoq və yazıçı Sultan Məcid Qənizadə 1866-cı ildə Şamaxı şəhərində anadan olmuşdur. Ziyalı tacir ailəsində doğulan S.M.Qənizadə uşaq yaşlarında oxumağı atasından öyrənir. S.Ə.Şirvaninin isuli-cədid məktəbində oxuyub bir neçə dil öyrənən Qənizadə 1883- cü ildə Tiflisdəki Aleksandrovski Müəllimlər İnstitutuna daxil olur. Təhsil aldığı İnistitutun onun bir yazıçı və maarif xadimi kimi yetişməsində mühüm rolu olur. O, cəmiyyətin inkişafının yalnız elm və təhsil yolu ilə mümkün olduğuna inanırdı və bütün həyatını bu ideyaya həsr etmişdi.
“Ziyayi-Qafqasiyyə” bağlanmamışdan qabaq Tiflisdə Səid Ünsizadənin kiçik qardaşı Cəlal Ünsizadənin redaktor-naşirliyi ilə “ Kəşkül” məcmüəsi ( sonralar qəzet şəklində çıxmışdır) nəşrə başlandı. Maraqlıdır ki, XIX əsrdə Azərbaycan türk dilində intişar tapan bütün mətbuat orqanlarının (“Əkinçi”, “Ziya”, “Ziyayi Qafqasiyyə”, Kəşkül”) redaktor-naşiri Şamaxı ictimai-ədəbi mühitindən çıxmışdır. Təkcə bu fikrin özü XIX əsrin sonlarında Şamaxı ədəbi-ictimai mühitinin necə potensial imkanlara malik olduğundan xəbər verir. Bunun nəticəsi idi ki, XX əsrin əvvəllərində ədəbi-ictimai-mədəni mübarizə meydanına Şamaxıdan Ə. Sabir, M. Hadi, A. Səhhət, S. M. Qənizadə (XIX əsrin sonlarından), Mahmudbəy Mahmudbəyov və b. şəxsiyyətlər atılaraq geniş fəaliyyət göstərib Azərbaycan ədəbiyyatı və mədəniyyəti tarixində silinməz izlər qoydular”.
O dövr Çar Maarif Nazirliyinin qərarına görə islam dininə mənsub olan tələbələr İnistutu bitirdikdən sonra şəhər məktəbində dərs deyə bilməzlər. Bu ədalətsiz qərar Soltan Məcid Qənizadə və tələbə yoldaşının kənd məktəbinə təyin olunmasına səbəb olur.
1887-ci ildə Qənizadə tələbə yoldaşı və gələcəkdə silahdaşı olacaq Həbibbəy Mahmudbəyovla (1864-1928) Bakıya qayıdaraq burada “Rus-Azərbaycan məktəbi” adlı yeni bir ibtidai məktəbin təməlini qoydular. Bu məktəbdə əsas ana dili öyrədilir və bu dillə yanaşı rus, fars, coğrafiya, tarix, fənlərində də təhsil verilirdi. Az bir müddətdə bu məktəbin şöhrəti hər yerə yayılır və belə məktəblər Azərbaycanın bir neçə rayonlarında da açılır.
S.M. Qənizadənin müəllimlik fəaliyyəti ilə yanaşı yaradıcılıq fəaliyyəti də inkişaf edir. O, ədəbi yaradıcılığa əsrin sonlarında başlayır. Uşaqlar üçün yazdığı “Tülkü və Çaq-çaq bəy” mənzum hekayəsi (1894), “Məktubati-Şeydabəy Şirvani” başlığı altında nəşr etdirdiyi “Müəllimlər iftixarı”(1898), “Gəlinlər həmayili”, “Allah divanı” (1896) bu kimi əsərlər 1890-ci illərdən sonrakı dövrün məhsuludur. Bu illərdə Qənizadənin Azərbaycanın teatr sahəsindəki inkişafında da böyük xidmətləri olmuşdur. Onun Hüseyn Ərəblinskinin səhnəyə gəlməsində rolu olub və 1898-ci ildə ədibin rejissorluğu ilə “Sərgüzəşti-vəziri-xani-Lənkəran” komediyasının ilk tamaşasını səhnəyə hazırlayıb.
Sultan Məcid Qənizadə yaradıcılıgında meydana çıxan yeni keyfiyyətlər XIX əsrin axırlarında ümumən Azərbaycan ədəbiyyatında maarifçilik ideyalarının getdikcə kamilləşdiyini göstərməkdədir. Ədibin “Gəlinlər həmayili”dilogiyası, “Allahın xofu”, “Sərgüzəşt, yaxud Məşədi Qurbanın dəftərçəsindən bir nəbzə” və s. əsərlərində qabarıqlığı ilə üzə çıxan maarıfçi baxışlara görə, məktəb və maarifi inkişaf etdirmək hər bir millətin inkişafı kimi başlıca vasitədir.
Sultan Məcid Qənizadənin fikrincə, “əqsayi-aləmdə baş qaldıran mədəniyyət trəqqisi görübən arzusun diləyən bir millətin o tərəqqinin tərtiblərin də bilmək borcudur…Bu sözlərdən muradım tərəqqi tərtibiniz mülahizəsidir ki, tərəqqiyi-səlmiyyətin əvvəlinci pilləsi məktəbxana astanasından başlanır. Əsrimizin təqazası buna olduqda o, təqazaya müvafiq əməl lazımdır”.
S.M. Qənizadəyə görə müəllimin öz soydaşlarına verdiyi nemətin qiyməti xalqın taleyində onun oynadığı rolla ölçülür. Ona görə də həmin nemətə bütün millətlər möhtacdır: “ Bəradərin, bizim əqidəmizə sədəqə nə nəzir bəla qaytarır və hər kəs öz kəsb və varından sədəqə verər. Müəllimin sədəqəsi zəmirindəki nicat kasasının şərbətidir ki, əbnayi-millət ona mustəhhəqdirlər”.
“Gəlinlər həmayili” əsərində qeyd olunur ki, nümunəvi cəmiyyətin yarandığını o vaxt iddia etmək olar ki, xalq elmli olmaqla bərabər, insanlıq üçün tələb olunan digər mənəvi-əxlaqi keyfiyyətlərə də yiyələnmiş olsun.
“Allahın xofu” əsərində S. M. Qənizadə göstərir ki. “vicdanın hökmran oldugu yerdə insan öz nəfsinin əsiri olmayıb, agıl və xəmis əxlaqın, düzlük və halallığın, nəfs toxlugunun qanunları ilə hərəkət etsə arzuladığımız cəmiyyəti yaratdığınıza əmin olarıq”.
Bütün ömrü boyu gözəl gələcək, işıqlı cəmiyyət uğrunda mübarizə aparmış S.M. Qənizadə, bu cəmiyyətin əlbəttə məktəbin və vətənpərvər müəllimlərin sayəsində qurulmalı olduğunu əsərlərində daima əks, etdirmişdir.
“Sərgüzəşt, yaxud Məşədi Qurbanın dəftərçəsindən bir nəbzə” əsərinin ideyasında müəllif milli mənlik duyğusundan məhrum olan, ətalət və kəsalət basmış Məşədi Qurban kimi şüurlu insan, “millətin tərəqqi” edə bilmədiyini qeyd edir. Müəllif əsərdə Məşədi Qurban kimi başqa millətlərə yaltaqlanıb öz millətinə qəddarlıq, ədalətsizliyi ilə milli-mənəvi keyfiyyətlərdən uzaq olan yalnız öz bogazını düşünən belə tipləri tənqid edərək, xalqı da belə sifətlərdən azad olmağa səsləyir.
XIX əsrin sonlarında S.M. Qənizadə yaradıcılığınin cəmiyyətin tərəqqisi üçün məktəb və maarifin inkişafı yolunda çox böyük xidmətləri olmuşdur. Lakin XX əsrin əvvəllərindən başlayaraq ictimai-tarixi hadisələrin inkişafı Qənizadənin də dünyagörüşündə inqilabi ideyaların meydana gəlməsində və əsərlərində öz əksini tapmasında böyük rolu olur. Bu dövrdə Azərbaycanin ədəbi mühitində maarifçiliyə meyil daha da güclənirdi.
S.M. Qənizadə Qori Müəllimlər Seminariyasının məzunlarından idi və bir maarifçi demokrat kimi ədəbiyyata meyli güclü idi. O, da öz qələmdaşları kimi daha çox epik əsərlər yazıb xalqını tərəqqiyə çağırırdı. Ədibin fikrincə “....Hərgah şeir yazmaqla bir nəfərin mənzur şöhrət olmuş olsa da, bisəkk ki, yenə öz əsrinə xidmət etməklə muradına nail ola bilər”.
“O, həm şairdir (“Tülkü və Çaqqal bəy”) həm mənzum hekayəçi, həm romançı (“Seydabəyin məktubları” və “Ədalət divanı”), həm tərcüməçi (“Əvvəlimci şərabçı”), həm də müxtəlif dilləri yaxşı bilən bir mütəxəssis (“İstilahi-Azərbaycan-türki” və “Lüğəti-rusi və türki”). Onun dili obrazlıdır, rəngarəngdir və müdrik Şərq təşbehləri ilə bəzənmişdir. Lakin onun dili bəzən o qədər də aydın və dəqiq olmur”.
“Məktubati-Şeydabəy” sərlövhəsiylə yazdığı “Müəllimlər iftixarı” və “Gəlinlər həmayili” adlı kitabçalar Qənizadənin iqtidarçı bir ədib olduğunu bildirir. Bu əsərlərin hər birində təzə fikirlər, vüsətli xəyallar, dərin mənalar, nazik işarələr, gözəl əqidələr var ki, hər kəsə onları oxumağı tövsiyə edirik”.
XX əsrin əvvəllərində Qənizadənin ədəbi-pedaqoji fəaliyyəti getdikcə daha da genişlənir. Bu dövrdə bir-birinin ardınca “Lüğəti-rusi və müsəlmani” (1902), “Samauçitel tatarskoqo yazika” (1902), “İstilahi-Azərbaycan” (1904), fars dilində yazdığı “Kəlidi-ədəbiyyat”(1901) kimi elmi-pedaqoji əsərləri millətin inkişafında, savadlanmasında, təlim-tərbiyəsində mühüm rol oynayır.
1905-1908-ci illərdə ədib Gürcüstanın Qori şəhərində yerləşən Zaqafkaziya Müəllimlər Seminariyasında çalışır.
S.M.Qənizadənin ilk və ən böyük romanı “Məktubatı-Şeydabəy Şirvani” əsəridirki, əsərdə o, əsərin əsas surəti olan Şeydabəyi zamanın elmli, gözüaçıq, xalqını sevən, onu mədəni və xoşbəxt görmək arzusu ilə çırpınan qabaqcıl ziyalı kimi. Şeydabəyə görə müəllimlik dünyanın ən şərəfli işidir. Romanda Şeydabəyin maarifçiliyə, elmə, mədəniyyətə qızğın çağırışları Azərbaycanda XX əsrin sonları üçün də mütərəqqi bir çagırış idi. Müəllif bu surəti yaratmaqla sanki “Qənizadə”nin fəaliyyətini, onun milləti üçün çəkdiyi fədakarlığı əks etdirir.
“Məktubatı-Şeydabəy Şirvani”nin birinci hissəsində -“Müəllimlər iftixarı”nda əks etdirilmişdir. Romanın “Gəlinlər həmayili” adlanan ikinci hissəsındə müəllif qəhrəmanı tədriclə inkişaf etdirib və ona yeni ictimai, əxlaqi keyfiyyətlər aşılamışdır. “Gəlinlər həmayili” üç xətt üzərində inkişaf etsə də, yenə də əhvalatların mərkəzində Şeydabəy dayanır. Bu xətlər inkişaf etdikcə Şeydabəy qarşımızda atəşim bir maarifçi, hümanist bir mütəfəkkir kimi canlanır”.
Qənizadənin pedaqoji fəaliyyətini araşdıran F. Köçərlinin dediyi kimi “...öhdəsinə götürdüyü vəzifələri layiqi ilə yerinə yetirib, şöbənin və müsəlman şagirdlərinin haqlarını və ixtiyarlarını mühafizə etmək ücün səy və qeyrətlə çalışmışdir”.
Bu dövrdə Qənizadə Azərbaycan maarifini çiyinlərində daşıyırdı və yüksək hörmətlə sayılıb secilirdı.
1965-ci ildə Abbas Zamanovun Sultan Məcid Qənizadənin “Seçilmiş əsərləri” kitabına yazdığı “Yazıçı, müəllim, maarif xadimi” başlıqlı ön sözdə, ədibin bu qədər fəaliyyətinin qaranlıq yönlərini açıqlayır: “Qənizadənin ictimai, pedaqoji və ədəbi fəaliyyətinin kölgəli cəhətləri də vardır. Dünyəvi elmlər təhsil etməsinə baxmayaraq, o dini görüşlərdən yaxa qurtara bilməmiş, aşagıda görəcəyiniz kimi, bədii yaradıcılığında da dini motivlərə əl atmışdır. Həmçinin 1918-1919-cu illərdə S.Qənizadənin mürtəce ixtilat partiyasının sıralarına daxil olması, islamçılıq, müsəlmançılıq şuarlarına uyması, əlbəttə, onun tərəfindən böyük bir irtica idi. Lakin hadisələrin sonrakı inkişafı göstərir ki, bu qocaman maarif xadiminin müvəqqəti aldanışları imiş. Belə ki, Azərbaycan Sovet hakimiyyəti qələbəsindən bir neçə gün sonra S. Qənizadə “Kommunist” qəzetinə göndərdiyi məktubda (“Kommunist” 6 may, 1920.№4) səhvlərini etiraf edib “kommunistlərlə işləməyə” hazır oldugunu bildirdi. Sovet hakimiyyəti qocaman maarif xadiminin səmimiyyətinə inanıb ona etimad göstərdi və Qənizadə də sonrakı fəaliyyəti ilə bu yüksək etimadı şərəflə doğrultdu” və sonra alim onu da qeyd edir ki, “S. Qənizadə 1937-ci ildə 72 yaşında ikən şəxsiyyətə pərəstiş dövründə hökm sürən qanunsuzluğun qurbanı olmuşdur”.
Görkəmli ədəbiyyatşünas alim Abbas Zamanovun Qənizadə haqqında dediyi bu fikirlərin, dövrünün tələblərinə, Sovet hakimiyyətinin arzuolunmaz istəklərinə uyğun düşüncələr olduğu aşkardır. İstər-istəməz 1920-ci illərin şimal küləyi Qənizadə yaradıcılığına, onun milləti üçün etdiyi çabalara da öz təsirini göstərirdi.
Bunu Qənizadə özü də hiss etdiyindən belə bir məktubla müraciət edərək qarşıda Azərbaycan ziyalılarını gözləyən təmizləmə əməliyyatından qorunmaga çalışsa da, qorxunc 37 ədibdən yan keçmir. Lakin sevindirici hall odur ki, Allah Qənizadəyə yaradıcılıq fəaliyyətində, millətinin savadlanması yolunda uzun bir ömur nəsib etmişdir.
Azadlıq, istiqlal yolunda bilik və bacarığını ömürlərinin sonuna qədər fəda edən, düşünən və düşündürən ziyalılarımızın məhv olması üçün ölümün ən qorxunc formalarından istifadə edən Sovet hakimiyyətinin xofunun, əsrin sonlarına qədər davam etməsi, bir çox tənqidçilərimizin araşdırmalarında öz təsirini açıq-aşkargöstərmişdir. Heç şübhəsiz ki, Abbas Zamanov və digər tənqidçi alimlərimiz müstəqillik dövründə yaşayıb yaratsaydılar, millətin, dövlətin inkişafı üçün hər bir fədakarlığa sinə gərən Qənizadə və dıgər yazarların yaradıcılığına bir də nəzərsalma imkanları olsaydı, yəqinki, onların fəaliyyətlərindəki “qaranlıq məqamları” başqa yöndən qiymətləndirərdilər. S.M.Qənizadə Azərbaycan tarixində maarifçilik hərəkatının önəmli simalarından biri olaraq gördüyü işlər bu gün də öz aktuallığını qoruyur və gəncləri elmə, təhsilə dəyər verməyi öyrədir.