Şakir Xanhüseyn - DÖRD ŞEİR
1
***
başına döy,
ayağına döy,
üzünə, gözünə döy,
qarnına döy,
dizinə döy,
döy, döy
bu o döy,
o bu döy,
döy, döy.
od od döy,
su su döy
yer yer,
göy göy döy
döy, döy.
haran gəldi vur,
haran gəldi döy
yurdun yad torpağıdı,
ocağın bir ovuc küldü döy
bir dəfə ürəyin açıldı,
bir yol üzün güldü? döy,
döy başına, dizinə,
sağını qoy solunu döy,
döyülənləri bir də, bir də
yenə, yenə döy,
dönə-dönə döy
sinə döy
bu dərd sənə görə döy,
bu qəm sənə görə döy,
döy, döy...
2
GÖZƏGÖRÜNMƏZ
Görünməz olanı görmək--
hə, görmək görünməzi də.
Görmək göyə qalxan ahı
və yerə düşən sözü də...
Nə var, axı, görünməzdə,
onda görünən nəsə var...
Gəl, gözünə görünəndə
indi görünməzlik axtar...
Ey gözə görünməz kişi,
kimsənsə bir gözə görün,
Hər çətinliyə dözmək, bil,
asan deyil, gözə görün.
Sirr görünməz olandımı,
təpə durur dağa qarşı;
Bəlkə elə şeylər var ki,
gözə görünməsə yaxşı...
Ancaq gözə görünməyən
gözə ən çox görünənmiş...
...Bağla yolları belinə
qurşaq kimi, baba dərviş,
Dünya
dünya əzabına
elə sinə gərəninmiş!..
3
VİCDAN ƏZABI
Vicdan əzabından xalisənsə, heç,
Kimliyin ortaya çıxacaq tez-gec...
Uca bir duyğudu insanda, dərin,
səslənən nəğmədi bir sarı simdə;
Onun gecəsindən işıq saçılar,
bax, vicdan əzabı vardırsa kimdə...
Qəlbində həyacan, qanında oddu,
vicdan əzabından uzaq sən nəsən?
Vicdanda bir azca güzəşt etdinsə,
o, acı rüzgartək üstünə əsər;
O, yəni vicdanın- vicdan əzabın
həmişə önünü kəsər bir işdə...
Vicdanı daima əldə tutmaqdı
vicdan əzabıyla görülən iş də...
Bəlkə unuduruq adi bir şeyi,
bilmirik soruşaq kimdən hesabı;
Fikrində qoy günəş parlasın elə,
vicdanlıda olur vicdan əzabı!..
4
***
qapım dünyanın qapısı,
burdan çıxıram dünyaya.
pəncərəm
dünyanın görünən yeri,
burdan baxıram dünyaya...