Kamala Abiyeva Aydın Qızı  - GÜNAHKAR YOXDU

Ədəbiyyat 10:33 / 06.04.2026 Baxış sayı: 245

 

Durmusan qarşımda sən səhvim kimi

Baxmağa gözümün cürəti çatmır..

Bu elə ağrı ki, bu elə qəm ki,

Duymağa qəlbimin qüdrəti çatmır...

 

Ürək bağlamışdı qapılarını

Sanırdı kimsəyə açmaz bir daha...

İndi bu sevgidə günahkar hanı?

Elə bilirdi ki, sevməz bir daha.

Neyləyim ürəyim sözündən dönür

Özü öz önündə batır günaha.

Susan arzularım yenidən dinir

Mən elə bilirdim sevmərəm daha...

Axı neyləyim ki, mən səni sevdim,

Sevdim cəzam kimi, günahım kimi...

Sən mənim ömrümə bir nur gətirdin

Sevdim ən işıqlı sabahım kimi...

Qınama özünü, qınama məni,

Demə ki, bu sevgi hədərdi, hədər.

Ruhum da rahatlıq tapmazdı mənim

Mən səni sevmədən ölsəydim əgər.