Əşrəf Veysəlli - KƏKLİYƏ BAX

Ədəbiyyat 09:45 / 07.04.2026 Baxış sayı: 164

 

Yeriyəndə yerişi hər yerişdən itidir,

Uçan zaman uçuşu ildırım sürətidir,

Oxuduğu nəğmələr bəlkə məhəbbətidir,

Hey oxuyur, oxuyur, yorulmayır bəs niyə?

Kəkliyə bax, kəkliyə.

 

Səhər olcaq görürsən daşdsn- daşa səkir o,

Balası var, bəlkə də keşiyini çəkir o.

Bu çılpaq daşlaramı gözlərini dikir o,

Niyə uçub getməyir güllüyə, çiçəkliyə?

Kəkliyə bax, kəkliyə.

 

Bəlkə ovçu görübdür, uçub gözdən itibdir,

Nərgizdirmi görəsən sinəsində bitibdir,

Təbiətmi yaradıb, ya rəssammı çəkibdir,

İncidirmi düşübdür daşlığa, kəsəkliyə?

Kəkıliyə bax, kəkliyə.

 

Onu ayrı salmayın torpağından, daşından,

Qoy o uçub getməsin bu dağların qaşından.

Ovçu qardaş, sən canın ayırma sirdaşından,

Qıyma!— ağır sükunət bu dağları təkliyə.

Kəkliyə bax, kəkliyə!

Kəkliyə bax, kəkliyə!

1958- ci il