Sevil Azadqızı - Yaz yağışı ara vermir...
Yaz yağışı ara vermir,
Yağır yenə.
Ruhuma, fikirlərimə, keçmişimə...
Və mən bu yağışın içində yenidən doğulmağı yox,
sadəcə elə bu cür, sakitcə yox olmağı öyrənirəm.
Hər damla süzülür sükutun rəsminə,
Ömrüm bənzəyir indi qum saatının tərsinə.
Darıxmaq bükülüb bu soyuq küçənin fəslinə,
Mən sənsizliyin içində itməyi öyrənirəm.
Gözümdə canlanır o uzaq, o doğma şəkillər,
Yaddaşın küncündə boynunu bükür xatirələr.
Bu yağış deyil, sanki göydən ələnən qəmlər,
Mən hər damlada səni xatırlamağı öyrənirəm.
Səsin gəlir uzaqdan, bəlkə də bir xəyaldır,
Bu çarəsiz darıxmaq bitməyən bir nağıldır .
Səndən mənə qalan sadəcə cavabsız sualdır,
Mən bu sualların içində susmağı öyrənirəm.
Yuyur leysan yolları, izimiz də silinir,
Bu gedişin acısı ürəyimi də didir.
İnsan darıxanda canından da bezir,
Mən bu acıyla hər gün yaşamağı öyrənirəm.
Sevil Azadqızı
17.05.2026