Sabir Rüstəmxanlı - AD GÜNÜM

Ədəbiyyat 12:52 / 18.05.2026 Baxış sayı: 533

 

Bəlkə, min il yaşlı, on min il yaşlı

Sirli bir mahnının ardınca bu gün

Dağlara gəlmişəm yalqız, kimsəsiz

Öz doğum günümü qutlamaq üçün!

 

Ürək oxuyanın işləri müşkül,

Gözlərdə göz alan dərinlik hanı?

Onsuz da seyrəlir dost məclisləri,

Sözlərdə əvvəlki şirinlik hanı?

 

Yalqız zirvələrlə verim baş-başa,

Məni onlar atdı burdan həyata.

Görüm ucaların halı necədi,

Dözə bilirlərmi bu gedişata?!

 

Adımı köksünə həkk eləmişdim,

Bilmirəm ağrısı dərindədirmi?

Salam, çinar qardaş, nəğməm darıxır,

Sənin mahnıların yerindədirmi?

 

Əgər yerindəsə, bir ağız oxu,

Ya da sağlıq söylə köklər eşqinə.

Sən də badəyə dön, ay əlçim bulud,

Qaldırım başıma göylər eşqinə!

 

O göl qədəhini qaldır, qoca dağ,

Nuş elə, olsa da nəfəs kəsəsi.

Mən ömrüm uzunu səni öymüşəm,

Sən də bir ağız de sağlıq əvəzi!

 

Bu meşə, bu çəmən, bu bulaq, bu yol,

Köhnə dostlarımdı – məclisimdə cəm.

Şəhərin səhəri ayıltdı məni,

Şəkər bulaqlardan keflənəcəyəm!

Elə sehir var ki, bu ucalıqda

Ürəyi dəyişər, vaxtı çaşdırar.

Dağlar ad günümə hədiyyə kimi

Ruhumu yenidən cavanlaşdırar.

20 may,2009.