Əbülfət Mədətoğlu - Bu ömür ağacının...
Hər gün artır düyünləri, zədəsi
Basqıları, göz dağları , hədəsi...
Yaxınlaşır qırılmağın vədəsi -
Bu ömür ağacının...
Gah yağışlar, gah da onu sel əyir
Gah küləklər, gah da onu yel əyir...
Gah baltalar, gah da onu əl əyir-
Bu ömür ağacını...
Çiçəkləmək istəyiylə kükrəyir
Tumurcuqda nəzər dəyir, büdrəyir...
Bəzən aşkar, bəzən içdə titrəyir -
Bu ömür ağacı...
Zaman özü suyun, odun azaldır
Həm havasın, həm də yodun azaldır...
Qarışdırır...yaşam " xodun" azaldır -
Bu ömür ağacının!