Şakir Xanhüseynli - Mənə uzat əllərini
Mənə uzat əllərini
hərdən-hərdən
şərdən uzaq əllərini...
Uzat, uzat əllərini,
sevgiyə, sayğıya uzat,
özünü et dərddən, kədərdən azad...
Əllərinlə sevin, əllərinlə gül,
kədərlənməyini heç istəmirəm,
olan tez olsun da, gec istəmirəm,
görməyə bir iş tap əllərin üçün...
Bax əllərinə
say barmaqlarını;
bir, iki...
bizimki
buracanmış ki...
Uzat əllərini,
uzat əllərinin hərarətini,
uzat, əllərinin bil qiymətini!.